ABŞ-da səfərdə olan Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə barışıq haqda səsləndirdiyi fikirlərə Kremldən şərh gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələni şərh edərkən “ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətlərin bərpa edilməsinin zərurəti barədə danışsa da, “ Su- 24” təyyarəsinin vurulmasına görə Ankaranın üzr istəməsinə heç bir işarə edilməyib”, -deyib.
Mətbuat katibi indiki halda bunun bir cəhd olub-olmadığını deyə bilməyəcəyini qeyd edib:
“Yalnız bir şeyi deyə bilərəm: Tamamilə aydındır ki, Rusiya tərəfi hadisə baş verdikdən sonra Ankaradan üzr gözləyirdi. Hələlik bu, edilməyib və qarşı tərəf buna heç bir cəhd etməyib. Buna yalnız təəssüf etmək olar”.
Xatırladaq ki, ötən il noyabrın 24-də Rusiya təyyarəsi “ Su- 24” Türkiyəyə məxsus “F-16” raketi tərəfindən vurulub və nəticədə rus pilot həlak olub. Baş verən hadisədən sonra hər iki ölkə arasında münasibətlər gərginləşib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər