Erdoğan hep başkan

erdogan-hep-baskan
Oxunma sayı: 1982

Türkiyədəki prezident və parlament seçkiləri, yəqin, Türkiyə xaricində ən çox bizdə müzakirə olunur və maraq doğurur.

Bu konteksdə Kipri istisna etmək mümkündür.

Hər bir mənada Türkiyə seçkiləri türk xalqının arzularının ifadəsidir.

Bunlar klişe sözlərdir, lakin vurğulamaqda fayda var.

Bu seçki bir neçə məqam üzrə maraqlı alındı.

Ərdoğan ikinci dəfə prezident seçildi, bu, onun son prezidentlik müddətidir.

Bundan sonra onun nə edəcəyi sual altındadır.

Əslində istər bu, istəsə də bundan əvvəlki prezident seçkilərində Ərdoğan 51-52 faiz səs yığmışdı.

Eləcə də prezidentlik sisteminə keçid referendumunda da bu qədər səslə konstitutusiyanı dəyişdirmişdi.

Hakimiyyət müddətinin sonunda Ərdoğanın yenidən parlamentar sistemə keçidi yəqin ki, imkansızdır.

Bu haqda heç mübahisələr də aparılmır.

Müqayisə nə qədər uğursuz olsa belə, Gürcüstan və Ermənistanda siyasi sistem dəyişikliklərinin, prezident respublikasından parlamentar sistemə keçidin hakimiyyətin dəyişməsi ilə nəticələndiyini də xatırlayaq.

Ərdoğanın xəyallarından biri də Cümhuriyyətin 100-cü ildönümündə, 2023-də hakimiyyətdə qalmaqdır.

O, seçki ilə bunu edə bildi.

Ərdoğan Türkiyə tarixindən böyük rekordlara imza atmış siyasi liderdir.

Türkiyə tarixində heç bir lider onun qədər sevilməyib.

Və heç kimə də onun qədər nifrət olunmayıb.

Üstəlik, heç bir siyasi lider bu qədər uzun müddət hakimiyyəti əlində saxlaya bilməyib.

Bu sahədə rekord Atatürkə aid idi.

Təkpartiyalı dövrdə Atatürk Cümhuriyyəti qurulandan ölən gününə qədər onu idarə etmişdi. (1923-1938)

Ərdoğan isə 16 ildir baş nazir və prezident kimi ölkəni idarə edir və növbəti beş illik mandatını da artıq alıb.

Yedi seçkidə qalib gəlib Türkiyə prezidenti kimi siyasi ömrünü başa vuran Süleyman Dəmirəlin də rekordunu Ərdoğan təzələdi.

“Süleyman hep başbakan” mahnısı da əslində doğruluğunu da itirdi.

Siyasət sosiologiyası baxımında Ərdoğan çox maraqlı siyasətçidir.

Çünki Ərdoğanın öz fanat ordusu var.

Ərdoğan kürdlərlə danışıqlara başlayanda da, PKK-nı bombalayanda da öz elektoratından tam dəstək ala bilir.

Avropa Birliyinə girmək istəyəndə də, ya da siyasi kursu dəyişərək Avropa Birliyinin əleyhinə çıxışlar edəndə belə öz seçicisinin dəstəyinə sahib olur.

Totalitar liderlərə xas olan bu keyfiyyət Ərdoğanın siyasi liderlərinin ən görümlü cəhətidir.

Və son illərdə onun haqqında ortaya atılan iddialar, eləcə də FETÖ, iqtisadiyyat və xarici siyasətdə buraxdığı ardıcıl səhvlər aldığı səslərə təsir etmir.

Azərbaycanda bəzi insanlar Türkiyədəki seçki saxtakarlığından həvəslə danışırlar, lakin nəzərə almaq lazımdır ki, bu saxtakarlıq çox cüzi xarakter daşıyır və heç bir halda seçkinin taleyini müəyyən etmir.

Lakin başqa bir gərəkli məqam da var.

Bəli, səs vermək, seçkilər demokratiyanın əsas tendensiyasıdır.

Lakin yeganə tendensiyası deyil.

Həqiqi mənada demokratiya üçün hakimiyyətin bölünməsi, azad media da vacib şərtlərdəndir.

Ərdoğanın zamanında isə məhkəmə hakimiyyəti öz müstəqilliyini az qala tamamilə itirmişdir.

Üstəlik, azad medianın da sayı və nüfuzu heçə endirilmişdir.

Bu mənada Ərdoğanın qələbəsinin arxasındakı faktorları da nəzərə almaq gərəkdir.

Seçkinin ən maraqlı aktyoru isə heç şübhəsiz ki, Məhərrəm İncə idi.

CHP liderlərindən olan İncə Türk cəmiyyətinin uzun illərdir ki, solda axtardığı və Ecevitdən sonra yaranan boşluğu dolduran bir liderdir.

Daha çox Avropa tipli, sakit bir lider olan Kılıçdaroğlu bu tələbatı ödəyə bilmirdi.

Çox güman ki, İncə CHP-nin başqanı olacaq.

Bir zamanlar Kılıçdaroğluna uduzduğu CHP başqanlığını seçkilərdə aldığı güclü səslə əldə edəcək.

Üstəlik, oyuna Meral Akşener de qoşulub.

Ondan daha çox səs gözlənilirdi, amma ilk seçkidə 10 faizlik bir səs də heç bir halda kənara qoyula bilməz.

Ərdoğan Dəmirəl, Ecevit, Türkeş kimi liderlərin siyasət səhnəsindən çəkilməsindən sonra hakimiyyətə gəldi.

Və uzun illərdir ki, Ərdoğan türk siyasətinin ən güclü aktyorudur.

İndi Türkiyə siyasətində güclü aktyorlar da ortaya çıxıb.

İncə və Akşenerdən əlavə olaraq Demirtaş da getdikcə daha parlaq siyasi fiqurlara çevrilirlər.

Bu situasiyada dünyanın ən qəribə və maraqlı ölkələrindən biri olan Türkiyə üçün dramatik gələcək vəd edir.