Ərdoğan Milli Məclisdə çıxış etdi - Video

Ərdoğan Milli Məclisdə çıxış etdi
Oxunma sayı: 4684

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan parlamentin plenar iclasında çıxış edəcək.

***

Artıq plenar iclas öz işinə başlayıb. Türkiyə Prezidenti iclasda çıxış edib. Bildirib ki, ermənilərin yandırdıqları və yıxdıqları yeri Azərbaycan yenidən inşa edir:  "İnşallah, yenidən Qarabağı inşa edəcəyik. Mədəniyyət və vandallıq arasında fərqi görmək istəyən gəlib Qarabağdakı iki dönəm arasındakı fərqə baxsın. Qarabağ mədəniyyət və iqtisadi baxımdan əlverişli yer idi. İnşallah, bundan sonra da belə olacaq. Dünən Şuşadaydıq. Azərbaycan bayrağının burda dalğalanmasının qürurunu yaşadıq. Şuşa sənətin və mədəniyyətin ən yüksək səviyyədə yaşadıldığı şəhər olub. Molla Pənah Vaqifdən başlayaraq Şuşa ədəbiyyatın mərkəzi rolunu oynayıb. Bu şəhər dahi bəstəkar Üzeyirin, Bülbülün, Rəşid Behbudovun və şairlərin yurdudur.

Şuşanın mədəniyyət paytaxtı elan edilməsi və orada həyata keçirilən Xarı Bülbül festivalı dünyaya verilən mesajdır. Şuşanı gələcəkdə də Azərbaycanın mədəniyyət paytaxtı kimi görməkdən məmnun olarıq. Tək Şuşa və Qarabağ deyil, Azərbaycan və türk dünyası böyük şəxsiyyətlər yetişdirib. Biz bu dəyərlərimizi yeni nəslə və bütün dünyaya başa salmalıyıq. Bunlar dünya mədəniyyətinin dəyərləridir. Keçmişdən gələcəyə quracağımız körpü bizim əlimizdədir. Birliyimizi, dostluğumuzu nə qədər bərabər tutarıqsa hədəfimizə daha tez çatarıq. Qarabağ zəfərinin dünyaya və Qafqaza gətirdiyi qiymət zamanla daha da anlaşılacaq. Kimsə bundan narahat olmasın. Çünki bu savaşın deyil, barışın, qanın deyil, qəlbin savaşıdır.

Qarabağın hər köşəsinə sükut və hüzur hakim olmuşdur. Evlərindən ayrı düşən qardaşlarımıza evlərinə dönmə yolu açılmışdır. İnşallah, növbəti səfərimizdə o qardaşlarımızın evlərinə dönməsini görəcəyik. İşğaldan sonra yorucu gərginlik ortadan qalxıb. Yollar sürətlə qurulur, elektrik şəbəkələri qurulur, digər infrastruktur layihələri həyata keçirilir. Biz bölgədə məktəb və səhiyyə müəssisələrini inşa edəcəyik. Bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin təcəlli edəcəyi hər kəs tərəfindən görülmüşdür. Bütün bu olanlar Ermənistan üçün yeni dönəmin başlanğıcıdır".

Günel Türksoy