Türkiyə İran ola bilərmi ? Bu sual bir vaxtlar Türkiyə gündəmini çalxalayırdı. İnsanları Türkiyənin “İran” olacağı qorxusu sarmışdı. Ərdoğan illərdir qatı şəkildə icra olunan “Hicab” qanununu silkələyirdi. Ərdoğan bu söhbətlərə gülərək “ şər, böhtandır, bizim sekulyarizimlə işimiz yoxdur” desə də, gənclik illərində çəkilmiş videodan “ ya müsəlman olacaqsan ya sekulyar” deyə səslənirdi. Beləliklə, cəmiyyətin böyük qismi Atatürkçülüyün əsas maddələrindən biri olan sekulyarizmin təhlükə altında olduğunu düşünürdü. Türkiyədə təkrar çevriliş olacaqdımı, yoxsa bu dəfə özünü Atatürkün davamçıları olaraq görənlər və zənn edənlər məğlubmu olacaqdılar? Atatürk bu gün yaşasaydı bu olanlara necə reaksiya verərdi ? Ordu həqiqətən Atatürkün davamçısıdır yoxsa, Atatürkün adından istifadə edən bir amerikan kuklasıdır ? Verlişlərdə ateistlər və hicablılar vuruşur, darvinizim müzakirəyə çıxarılır, Ərdoğan mikrafondan “Atatürkün anası da başı bağlı idi” deyə qışqırırdı. Hicablı bir qızın kameralara cəsarətlə “mən Atatürkü sevmirəm, Ayetullah Xumeynini sevirəm” deməsi türk xalqı üçün zəlzələ demək idi. “Atatürkü səhv başa düşürük” deyən professorun işindən çıxarılmasından elə də çox vaxt keçməmişdi. Hələ o vaxtlar “one minute” söhbəti də olmamışdı. Yəni Ərdoğan odla oynayırdı. Ya da mənə elə gəlirdi.
Mənim kursantı olduğum hərbi litseydə gecə gündüz kursantlar siyasi söhbətlər edir və ən yaxın zamanda yenidən hərbi çevriliş olacağını, bunun qarşısıalınmaz və zəruri bir proses olduğuna inanırdılar. Türklər baş vermiş əvvəlki çevrilişlərin fəsadlarından hələ də əziyyət çəksələr də, bu məsələyə ölümcül xəstəlikdən xilas olmaq üçün icra oluncaq zəruri əməliyyat kimi baxırdılar. Atatürkün qoyduğu qanunları tapdalamaq, Atatürkü sevməmək bir hərbçi üçün anlaşılmaz bir şey idi. Bu ölümcül bir xəstəlik idi... Həftədə ən az 2 konfrans keçirilir, tanınmış politoloqlar, araşdırmaçılar gəlib “ siz Atatürkün əsgərlərisiz, oyaq olun” deyə bizə səslənirdilər. Konfrans verməyə gələn spikerlər Ərdoğana, Fətullah Gülənə və camaatına qarğışlar yağdırır, beş yaşı olarkən Atatürkü görmüş olan qoca bir kişi konfransda Türkiyə hara gedir deyib ağlayırdı.
Hamı o vaxtın ordu komandanına gözünü dikmişdi. Amma bir gün dərs otağımızda xəbərlərdə hicab mövzusu danışılarkən bir kursant “məncə hicablı qızlara qarşı edilənlər haqsızlıqdır” dedi. Heç kim ona cavab vermədi. Heç kim etiraz etmədi. Hər şey mənə yeni aydın olmağa başlayırdı. Ürəyi dolu, deməyə sözü olan yüzlərlə, minlərlə insan yavaş-yavaş səsini çıxartmağa başlayırdı. Türkiyədə oturmuş fikirlər, tabular dağılmaq üzrə idi.
...Bir müddət sonra hamı buna öyrəşdi. Bu olduqca təbii idi. Qadınların yarısına yaxınının hicablı olduğu ölkədə hicablılara qarşı qoyulan məhdudiyyətlər hərkəsə absurd görünməyə başladı. Ortalıq sakitləşmək üzrə ikən, insanlar təkrar barışıb bir yerdə yaşamağa öyrənməyə başlamışkən, Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasının qapısından bir hicablı (türban) qadını xəstəxanaya qəbul etmədilər. Bu, Rəcəb Tayyibin həyat yoldaşı Əminə Ərdoğan idi. Ortalıq yenə bir-birinə dəydi. Bu hadisə ölkədə ordunun çevriliş edəcəyini düşünən insanlarda yenidən ümid doğurdu. Hələ hər şey bitməmişdi.
Bir müddət sonra indiyə qədər davam edəcək olan həbslər başladı. Çevriliş planları (Ergenekon və Balyoz) hazırladığı iddia edilən yüzlərlə yüksək rütbəli hərbçi həbs edildi. Ərdoğan, ordunun və ona arxalananların gözünü qırmağa çalışırdı. Bunun olacağını əslində çoxdan xəbər vermişdi. Televizya kanalları hər gün hərbçilərlə bağlı gözdən düşürücü xəbərlər- bir kapitanın uşaq yaşdakı qızları zorlaması, əsəbləşib kimisə öldürən qudurmuş leitinant, sərxoş hərbçinin iki sevgilini əzməsi, artan şəhid xəbərləri- getdikcə ordunu gözdən salmağa başladı. Həbslər başlayanda artıq cəmiyyətin böyük hissəsi bu hadisəyə necə reaksiya verməli olduqlarını başa düşə bilmədilər. Onlar başa düşənə kimi orduda istefa dalğası başladı. Yeni müdafiə naziri təyin olundu və Ərdoğanla yan-yana yox, digər dövlət məmurlarının yanında oturdu. Artıq xalqın gözündəki həmişə çevriliş etmək ehtimalı olan ordu imici dağılmışdı. Artıq ordu- hər bir sivil ölkədə olduğu (olmalı olduğu) kimi- hökumətə tabe idi.
Türkiyə İran olacaqmı sualını isə insanlar hələ də pıçıltıyla bir-birindən soruşurdular. Ara bir qışqırdıqları da olurdu. İçki satışına qoyulan məhdudiyyətlərdən sonra insanlar yenidən danışmağa başladılar( Efes Pilsen basketbol komandasının adını da dəyişdirdilər). Ardından Ərdoğan türklər demişkən lap “qaza gəldi “və insanların yataq otaqlarına qarışmağa başladı. Axırda insanların içində toplanmış qəzəb parkdakı dinc aksiyaçıların təpiklənməsiylə alovlandı. Gəzi Parkı hadisələri Ərdoğana qarşı yığılmış 10 illik qəzəbin partlaması idi. Ərdoğan isə çıxıb dedi “seçiminizi sandıqda göstərin”. Türk televizyasının Gəzi Parkı hadisələrini uzun müddət gizləməyə çalışması isə Türkiyədə “azad medya”nın vəziyyətindən xəbər verirdi. O dərəcəyə çatdı ki, google-da gezi parkı yazmağa cəhd göstərəndə sağdan soldan pinqvinlər çıxmağa başladı.
Bu arada Gəzi parkındakı etirazçılara maska paylayan və tibbi yardım göstərən hərbiçilər, xalq arasında təkrar biraz bal topladılar. İnsanlar, ordunun “Atatürk ordusu” olduğunu xatırladılar. Hələ bir də polislərə xəstəxana qapısı önündə durmağa icazə vermədikləri video görüntüləri də qalmaqala səbəb olmuşdu. Türkiyədə polis Gülən camaatının yurd saldığı qurumlardan biri kimi tanınır.
Gəzi parkındakılar da yaxşı bilirdilər ki, onlar tək başlarına seçkilərdə Ərdoğana qalib gələ bilməyəcəklər. Ona görə meydanı tərk etmək istəmirdilər. Amma son günlərdə baş verənlər vəziyyəti lap ciddiləşdirdi. Ərdoğan çox ciddi bir risk aldı. Fətullah Gülənin bədd-duası bəlkə də Gəzi parkı hadisələrindən və korrupsiya qalmaqallarından daha çox təsir edəcək seçkilərə. Hər nitqini “Allah” sözü ilə bəzəyərək insanların zəif damarını tutmağı çalışan baş nazir, hal-hazırda az qala elə Allahla qarşı qarşıyadır. Bir yandan ayaqqabının içindən çıxan pullar, bir yandan Hakan Şükürün istefa verməsi bəs deyilmiş kimi indi də Tayyibin oğlu ilə telefon danışığının səs yazısı gündəmi çalxalayır. Hər nə qədər bu səs yazısının həqiqət olub olmadığı bilinməsə də Ərdoğanın başı ciddi olaraq ağrımağa başlayıb. Ərdoğan“kaset olayları” silsiləsinin cavabsız qalmayacağını təxmin etməliydi. Təcili “one minute” a oxşar bir tamaşa təşkil etməlidir. Fətullah Gülən kimi Türkiyədə və dünyada nüfuza sahib birinə qarşı “one-minute” kimi bir şou yetərli olmayacaq. Gülən, Ərdoğanı nəinki Türkiyədə, ona sempatya bəsləyən islam ölkələrində də gözdən sala biləcək gücdədir. Ərdoğan əgər yeni bir “one-minut”-a oxşar, öz xeyrinə işləyən bir qalmaqalla təkrar könülləri fəth etməsə taxtı sallana bilər.
Ərdoğan mükəmməl aktyordur. Türkiyədə yüzdən çox insanın öldüyü terror hadisəsində, baş verənləri ört bas etməyə çalışıb, bir damcı göz yaşı tökməzkən kameraların qarşısına çıxıb Misirli qız üçün ağladı. Bu ölən misirli qız üçün minlərlə insan ( Ərdoğançı) küçələrə çıxıb “Rabia” deyə qışqırdılar.
Ərdoğanın partiyasına qarşı mübarizə edə biləcək ən ideal namizəd CHP-nin lideri Kamal Kılıçdaroğlu (Qandi) kimi görünür. Amma xalq arasında Ərdoğan getsə kim gələcək qorxusu yaranıb. Xalqın böyük hissəsi Ərdoğandan başqa ciddi namizəd görə bilmirlər. Trt kanalına futbol spikeri olmaq üçün verdiyi imtahandan kəsilsə də, bu gün Ərdoğan natiqliq qabiliyyətini xalq qarşısında nümayiş etdirir. Yaxşı bir natiq kimi, çətin vəziyyətlərin altından çıxır. Kılıçdaroğlu da sözünü deyir amma Deniz Baykal qədər iti dili yoxdur. Muharrəm İncə kimi duruşu, danışığı ilə Ərdoğana rəqib ola biləcək bir namizəd lazımdır.
Son.
Bir gün İstanbulda Taksim meydanında gəzərkən o qarmaqarışıqlıqda bir əl bərk çiynimdən tutdu. Arxamı döndükdə hərbi litseydən kursant yoldaşım qarşıma çıxdı. Saçının uzunluğunu görən kimi anladım ki, o da artıq hərbidən uzaqlaşıb. Elə ilk sualım da bununla bağlı oldu. Cavabı isə bir vaxtlar söz söhbət kimi qəbul etdiyimiz hadisələrin reallaşmış nümunəsi idi. Orduda Atatürkçülərin sıxışdırıldığı və hansısa yolla ordudan çıxardılmağa çalışıldığı iddia edilirdi. O vaxtlar belə şeylər bizə sadəcə şaiyə kimi görünərdi. Komandirlərin yaxşı və pis kursant demədən müəyyən şəxslərə fərqli rəftarı öz nəticəsini göstərmişdi. Sırf hərbi litseylərdən Ali hərbi Məktəbə keçid mərhələsində yüzdən çox kursant hərbini buraxmış, onların yerlərinə isə hərbi litsey oxumamış, aşağı bal toplamış yeni kursantlar yeni ordunun sıralarına qoşulmuşdu.
Köhnə kursant yoldaşım teatr tamaşalarında həmişə Atatürk rolunu ifa edərdi.