Xəbər verdiyimiz kimi, Türkiyənin Van bölgəsinin Bahçesaray rayonunda 38 nəfərin ölümü ilə nəticələnən qar uçqununa düşənlərdən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxandır.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən məlumatına görə, onun fevralın 4-də 4 nəfərin ölümünə səbəb olan birinci qar uçqununda xəsarət alanları ziyarət etmək üçün Vana getdiyi və faciə bölgəsinə çatıb xəstələrə baş çəkdikdən 5 dəqiqə sonra özünün də təbii fəlakətlə üzləşdiyi məlum olub.
Bildirilir ki, Gülşən Orxanın sürücüsü Siyabənd Dayan uçqun altında qalaraq vəfat edib.
Baş müşavirin qohumu hadisəni belə nəql edib: “Səhər saatlarında Ankaradan təyyarə ilə təcili Vana gəldi. Bizdən 5 dəqiqə öncə hadisə yerinə çatıb. Biz avtomobildən endik. Hadisə yerinə yaxınlaşırdım ki, ikinci qar uçqununun baş verdiyini gördüm. Onun uçqun altında qaldığını təxmin etdim. Tez axtarış-xilasetmə işlərinə qatıldıq. Öncə mühafizəçisi xilas edildi. Mühafizəçi Gülşən xanımın harada olduğunu gördüyü üçün bizə yerini göstərdi və onu xilas edə bildik”.
Qeyd edək ki, 49 yaşlı Gülşən Orxan AKP-dən 23 və 24-cü müddətə millət vəkili seçilib. 2016-cı ildən Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini icra edir.
Son xəbərlər
Son Xəbərlər