Ərdoğanla Merkelin görüşü oldu - Nədən danışdılar?

erdoganla-merkelin-gorusu-oldu
Oxunma sayı: 951

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin görüşü olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, 1 saat 20 dəqiqə davam edən görüşdən sonra tərəflər birgə bəyanatla çıxış ediblər.

Ərdoğan:

Bu gün qonaqlarımızla məhsuldar görüşümüz oldu. Liviya və Suriya başda olmaqla regional məsələləri müzakirə etdik. Türkiyə və Avropa İttifaqı münasibətlərindən danışdıq.

Ötən aylarda “Sülh Çeşməsi Hərəkatı”nı bəhanə edən terror təşkilatlarının tərəfdarları Almaniyada vətəndaşlarımıza hücuma keçmişdilər. Bu hücumları lənətləyirəm. Bu aksiyaların görməzdən gəlmək mümkün deyil. Almaniyadan məsuliyyət daşıyanları cəzalandırmasını gözləyirik.

4 milyon insanın yaşadığı İdlib son zamanlar rejim güclərinin hücumuna məruz qalıb. İdlibdəki vəhşətin sona çatması üçün rejimə təzyiq göstərilməlidir.

Liviya məsələsinin həllində hərbi yoldan istifadənin mümkün olmadığını hər fürsətdə söylədik. Milli barışıq hökumətini dəstəkləmək seçim yox, öhdəlikdir. Biz bütün şərtlərdə liviyalı qardaşlarımızı çətin günlərdə tək qoymamaqda qərarlıyıq. Liviya müharibə baronlarına tərk edilməyəcək qədər önəmli ölkədir.

Merkel:

İdlibdəki vəziyyət nəzərimizdədir. Oradan qaçan insanların çadırlara yerləşdirildiklərini və onların maddi vəziyyətini düzəltmək üçün maddi dəstək göstərməyə hazır olduğumuzu diqqətinizə çatdırdıq.

Liviyada tez-tez pozulan atəşkəsin daimi sülhə çevrilməsini arzulayırıq. Ümid edirik ki, Həftar tərəfindən də təsirli addımlar atılacaq.

Türkiyənin mühacirlərlə bağlı göstərdiyi dəstəyi təqdir edirik.

3,5 milyon və bəlkə də daha çox mültəcinin burada qəbul edilməsi çox mühümdür.