Əsra hələ yatmamışdı. Ərini gözləyirdi, əri isə hələ də gəlib çıxmamışdı. Saatın əqrəbləri 3-ü göstərirdi. Otaqda o baş- bu başa get-gəl edirdi. Əsəb onu boğsa da, bətnindəki körpəyə görə özünü ələ almağa çalışırdı. Pəncərəyə tərəf yaxınlaşdı , azca pərdəni yana çəkdi. Çöldə qar hələ də yağırdı, kəsmək bilmirdi, hər tərəf ağappaq idi. Yollarda şütüyən maşınlar gecənin səssizliyini pozurdu.Əsranın körpəsinin bu işıqlı dünyaya gəlişinə sayılı günlər qalırdı. O, isə artıq bu günləri saymırdı. Ürəyinə şübhə toxumları səpilmişdi sanki. Yavaş- yavaş bu toxumların cücərməsini hiss edirdi. Özünü heç yaxşı hiss etmirdi, hamiləliyini çox pis keçirmişdi. Dözməmiş , nəhayət , keçən həftələrin birində ərini onu həkimə aparmağa məcbur etmişdi. Sabah isə analizlərin cavabını alacaqdı. Aylarla, günlərlə şübhələndiyi başına gəlsə idi, o zaman özünə qəsd etməyə də hazır idi. Bu fikirlərlə bir tərəfdən də ürəyində deyinirdi: "- Ay Allah, Zahir niyə gəlib çıxmadı görən." Hər gün belə idi. Əsra özünə yer tapa bilmirdi. Bu qərib ölkədə hər şey onu sıxırdı. " Bircə vətənə dönsəydim..."- deyə fikirləşirdi.Amma vətənə dönməyə heç taqəti qalmamışdı.
Fikri sabah alacağı analizlərin yanında idi. Əri hələ də gəlib çıxmamışdı. Rusiyanın gecələri Zahiri özünə elə bağlamışdı ki, onun gecəsi gündüz , gündüzü isə gecə idi. Əsra küçəyə boylanmaqdan , qorxu dolu düşüncələrdən yoruldu getdikcə. Gəlib çarpayısına uzandı, yorğanı başınadək çəkdi. İndi də ürəyini didən şübhəli düşüncələr yorğanın altında onu yatmağa qoymurdu." Allahım, ağlımdan keçənləri başıma gətirmə." Anasını düşündü, düşündü ki, əgər analizlərin cavabı gözlədiyi kimi çıxsa, anası bu dərdə dözə bilməyəcək. Əsra bu əcaib fikirlər içində boğularkən qapının səsinə diksindi. Zahir idi, indi gəlirdi, yorğanı başından çəkdi, saata baxdı, saat 5-ə işləyirdi. Bir az rahatlandı, rahatlandı ki, əri çöllərdə qalmamış, həmişəki kimi gec də olsa, evinə gəlib çıxa bilmişdi. Zahir ayaq üstə dura bilmirdi. Başı bir tərəfə , ayaqları isə bir tərəfə gedirdi. Əsra özünü yatmış kimi göstərdi, onsuz oyaq olsa idi, nə olacaqdı ki... Gözləri doldu. Ərinin bu vəziyyətindən Əsranın hər gecə gözləri beləcə dolur, gizlincə xısın-xısın ağlayır- ağlayır, sonra da yuxuya gedirdi. Zahir çarpayıya birtəhər yaxınlaşaraq ağır gövdəsini çarpayının üstünə elə yıxdı ki, sanki, Əsranın içi töküldü. Ona elə gəldi ki, çarpayının düz ortası qırıldı, Zahir ordan döşəməyə tappıltı ilə yıxıldı, döşəmə də bu ağırlığa dözə bilməyərək dağıldı və Zahir sonu görünməyən qaranlıq ,həm də dərin bir quyuya doğru yuvarlanmağa başladı. Amma əlləri Əsrada idi, ona tərəf uzanmışdı. Quyu yuxarıdan baxanda çox dəhşətli görünürdü. Əsranı qorxu aldı, birdən Zahir onu da qaranlıq quyuya çəkər və o körpəsini bu işıqlı dünyaya gətirə bilməz. Düşündüyü kimi olmuşdu, Zahir Əsranı tuta bildi və onu da özü ilə bərabər bu sonu görünməyən qaranlığa çəkdi. Əsra getmək istəmirdi, qışqırırdı,əri isə əl çəkmirdi. Nəhayət, Əsra bu sonu görünməyən quyuya doğru yuvarlandı... Bəs körpəm, ay aman körpəm necə oldu?
Qəribə idi, üçü də bu qaranlıq quyuda idi. Körpəsi də yanında idi, daha bətnində deyildi. Əsra bu qaranlıqdan çıxmağa heç olmasa iynə ucu boyda da olsa bir işıq axtarırdı, amma tapa bilmirdi. Qışqırmaq istəyirdi, amma səsi çıxmırdı, sanki ağzı kilidlənmişdi. Ona elə gəlirdi ki, ürəyi bu dəqiqə partlayacaq və o öləcək, körpəsi də ərinin umuduna qalacaq. Yenə qışqırmaq istədi, amma bacarmırdı, nəhayət bir təhər səsini çıxarmağa çalışdı və öz səsinə özü oyandı. Yuxu onu aparmış və gördüyü yuxunun təsirindən dəhşətə gələrək öz səsinə oyanmışdı. Tər-su içində idi, özünə gəlməyə çalışdı, Zahir də yanında idi, heç nə olmamışdı. Bir xeyli keçəndən sonra özünə gəldi. Birtəhər ayağa qalxdı. Saat doqquz idi.
Həkimə getməliydilər, analizlərin cavabını almaq lazım idi. Zahirə baxdı, hələ də yatırdı, düşündü ki, onu oyatmaq çətin olacaq. Mətbəxə keçdi, çaydanı qızmağa qoydu.Əlini-üzünü yudu, saçlarını səliqəyə saldı, həkimə getmək üçün hazırlıq görməyə başladı. Aynaya yaxınlaşdı, bir xeyli aynada üzünə baxdı, gözləri sanki çuxura düşmüşdü, üzündə -gözündə bir hüzn vardı. Dünəndən ürəyini didib tökən qara fikirlər indi də onu ayna qarşısında yaxaladı. Görürdü, xəstə olduğunu aynadan daha yaxşı görürdü. Bir anlıq aynanı əlinə alıb yerə çırpmaq istədi, sonra fikrindən daşındı, düşündü ki, yerə səpələnmiş şüşə qırıqlarını yerdən təmizləmək lazım olacaq. Birdən şüşə qırıqları barmağını kəssə , yox qanı yerdəki şüşə qırıqlarına bulaşacaq, bəs kimsə bu şüşə qırıqlarına əlini vursa , o zaman necə olacaq, o zaman xəstəliyim ona keçər, sonra nə baş verər? "Yox-yox mən xəstə deyiləm, körpəm də sapsağlamdır...."
-Qalx, Zahir, qalx , həkimə getməliyik,-deyə yavaşca ərini səslədi. Əsra onun qalxmayacağını bilirdi, amma yenə də qalxacağına ümid edirdi. Keçib bir tərəfdə oturdu, və gözlərini ərinə zillədi.Yenə düşüncələr onu aldı: "Zahir bu xəstəliyi mənə keçirə bilməz, axı o xəstə deyil... Kim bilir , bəlkə günlərin birində o bu xəstəliyə yoluxmuş və məni də bu bəlaya sürükləmişdir." Ayağa qalxdı, qara fikirləri özündən qovmağa çalışdı. Bir zaman Vətəndən ona möhtəşəm görünən Rusiya indi dərin bir bataqlığıa bənzəyirdi Əsranın aləmində. Əslində Rusiya möhtəşəm idi, bataqlıq isə bu ölkədə yaşamağı bacarmayan, tüfeyli həyat sürənlər üçün idi. Yenə çağırdı: -Zahir, qalx, getməliyik, gecikirik. Sonra düşündü ki, qalxmasa yaxşıdı, bəlkə həkimə heç getməyək, onsuz da oyada bilməyəcəkdi, sabah isə Vətənə dönəcəkdilər. Qoy bu gün doyunca yatsın, bəlkə sabah oyana bilsin. Həkimə getmək fikrindən daşındı. Onsuz da ona elə gəlirdi ki, fikrindən keçirdiyi bu lənətə gəlmiş xəstəlik özünü mütləq analizlərin cavabında göstərəcək. Nəyə görə bu qədər əminliklə düşünürdü, bircə onu bilmirdi. Vətənə getməyə isə heç taqəti qalmamışdı. Düşüncələr kifayət qədər onu yormuşdu. Nəhayət, səhəri gün Əsra əri ilə Vətənə dönmək üçün təyyarə vağzalına gəldilər. Uçuş zamanı ona elə gəldi ki, yol bir ildir uzanır, bitmək bilmir, sonra fikirləşdi ki, yol bitməsə yaxşıdır, qaynanası, anası onu bu üzdə görsələr, çaşıb qalacaqlar. Hələ anası nə vəziyyətə düşəcəkdi. Yollar bitmiş, Əsra vətənə çatmışdı. Yaxınları hamı başına dolanır, onun bu vəziyyətə düşməsinin səbəbini anlamaq istəyirdilər.
Əsra isə düşündüklərini heç kimə söyləmək istəmirdi. O gün gəlib çatdı, Əsra artıq körpəsini dünyaya gətirməli idi. O, doğum evlərindən birində körpəsini dünyaya gətirdi. Həkimlər onun səhhətindən şübhələnmiş, ərinin və özünün qanından analiz götürmüşdülər. Analizlərin cavabı isə Əsranın düşündüyü kimi idi, amma Əsranın bundan xəbəri yox idi, üçü də əsrin bəlasına, QİÇS-ə yoluxmuşdu. Əri, özü və körpəsi. Bu xəstəlik ərindən Əsraya, Əsradan isə körpəsinə keçmişdi. "Nənə olduq! ",- deyə sevinci yerə-göyə sığmayan anaların dünyası isə param-parça idi.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.