Ədəbiyyat haqqında yazılarını, götürdüyü müsahibələri həvəslə oxuduğum Fərid Hüseynin bu dəfə müəllimlərin neqativ davranışları haqqında yazısını oxudum. Yazıdakı faktlara, eyni zamanda müəllif münasibətinə vətəndaş, müəllim olaraq, təəssüfləndim. Həqiqətən də, belə faktlar var və buna, əlbəttə ki, sevinmək olmur. Bəs niyə müəllif münasibəti də təəssüfləndiricidir?
Gəlin belə edək, əgər müəllim adını “istintaq” edəcəyiksə (yazıdan bu qənaətə gəldim), hərtərəfli yanaşaq, mənfilərini Fərid Hüseyn yazıb, mən də şahidi olduğum bir neçə müsbəti yazım.
Hər il 8 Mart ərəfəsində qız şagirdlərinə, 26 İyuna görə (yəqin ki, artıq 8 Noyabra çevirib) tətilə çıxmadan oğlan şagirdlərinə tək-tək hədiyyə alan müəllim tanıyıram... İşlədiyim məktəblərin birində, hər məktəbdə olduğu kimi, valideynini itirmiş uşaqlar təhsil alırdılar. Valideynlər çalışırdılar ki, həmin uşaqların zəruri ehtiyaclarını ödəsinlər. Sinif rəhbərlərindən bəziləri buna icazə vermədilər. Niyə? Həmin uşaqların yemək, geyim, dərs ləvazimatı ehtiyaclarını özləri ödəmək üçün... Bir dəfə səhər dərs başlayanda direktorlardan birinin otağında idim. Otaqda iri “samovar” və çoxlu “kojik”lər diqqətimi çəkdi. Səbəbini soruşanda ətraf ərazidə sosial vəziyyəti zəif ailələrin çox olduğunu, bəzən şagirdlərin dərsə ac gəldiklərini, bu halda otaqda onlara “bulka-çay” verdiyini dedi...
Yüzlərlə müəllim tanıyıram ki, təmənnasız abituriyent hazırlığı ilə məşğuldur (Heç kim bu, məktəbin borcudur deməsin. İxtiyari fənni təfərrüatı ilə öyrətmək - DİM-in suallarının tələb etdiyi kimi - müəllimlərin və məktəbin funksiyası deyil).
Pandemiya zamanı məsafədən dərslərin keçirilməsi zərurəti yarananda savadlı və kasıb şagirdlərimizdən birinin dərslərə qoşulmasında problem yaşanmışdı. Bir həftə sonra həmin şagirdin müəllimlərindən biri əlində o dövrdə, səhv etmirəmsə, 900 manata alınmış ağıllı telefonla otağa daxil oldu. Telefonu onun adı olmadan məktəb hədiyyəsi kimi həmin şagirdə verməyimi xahiş etdi. Bu təşəbbüs, yanaşma digər müəllimləri də təşviq etdi və həmin məktəbdə 20-dən çox savadlı, lakin sosial imkanı zəif olan şagirdə müəllimlər tərəfindən dərslərə qoşulmaları üçün müxtəlif formatlı qurğular hədiyyə olundu. Belə nümunələri hər bir pedaqoq sadalaya bilər.
Bir tərs nümunə də çəkim: Bir valideyn pul yığımı ilə bağlı şikayətə gəlmişdi, məsələni aydınlaşdıranda məlum oldu ki, həmin cənabın yoldaşı - şagirdimizin anası məktəbin adından istifadə edərək tez-tez ərindən pul alırmış. Təxminən iki yüz min nəfər müəllim var. Təsəvvür edək ki, bir faizi mütəmadi mənfi davranış sərgiləyir. Bu bir faiz iki min nəfər edir. Hər məhəlləyə, kəndə pay düşür. Gözümüzə tez batır. Yüz doxsan səkkiz mini görən yoxdur, deyəsən. Çünki onlar etdikləri yaxşılıqları gizlədirlər, biz də eşidəndə adi hadisə kimi qarşılayırıq. Bax belə... Səhv hərəkət edənlər qınanılır və qınanmalıdır, aidiyyəti orqanlar tərəfindən cəzalandırılır və cəzalandırılmalıdır. Bəs niyə mən şahid olduğum, bir-iki nümunə çəkdiyim, min ikisini nümunə çəkmədiyim hadisələr, müəllimlər pedaqoqlar müzakirə edilmir... Əgər “istintaq” aparırıqsa, ədalətli olaq...
Filologiya üzrə fəlsəfə doktoru, müəllim Tural Mirzəliyev,
xüsusi olaraq “Qafqazinfo” üçün
Son xəbərlər
Son Xəbərlər