Erkin Qədirlinin ölkədən çıxışına qoyulan qadağa aradan götürüldü

erkin-qedirlinin-olkeden-cixisina-qoyulan-qadaga-aradan-goturuldu
Oxunma sayı: 1960

“ReAl” hərəkatının üzvü Erkin Qədirlinin ölkədən çıxışına qadağa qoyulub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə E.Qədirli sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edib ki, bu gün Türkiyəyə istirahətə gedərkən hava limanından geri qaytarılıb: “Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçdim, pasportuma çıxışa icazə verən möhür vurulmuşdu. Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən "Ləğv olundu" vurdular və məni geri qaytardılar”.

O bildirib ki, ölkədən çıxışına qadağa səbəbi ona açıqlanmayıb: “Görünür, bu qadağa "Qanun" nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş “ReAl”ın flayerləriylə bağlıdır. Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş. “AZAL”ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim”.

***

Erkin Qədirli ölkədən çıxışına qoyulan qadağanın artıq aradan qaldırıldığını açıqlayıb: “Məni çağırmışdılar Bakı Şəhər Baş Polis İdarəsinə. Mənimlə nəzakətlə davrandılar, üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib. “ReAl'”ın flayerlərilə bağlı mənə, Altay Göyüşova, Natiq Cəfərliyə, Azər Qasımlıya və Xalid Bağırova belə qadağa qoyulmuşdu. Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin Rəisi dedi ki, rəhbərliyin tapşırığıyla anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”.

Murad Əhməd