Ərli qadının sevgilisi

erli-qadinin-sevgilisi
Oxunma sayı: 4425


Şoloxovun “Sakit Don”unda Aksinya, ərinə Qriqori ilə xəyanət edir. Ər evində bir xoş gün görməyən Aksinya dəlicəsinə sevir Qriqorini. Kənd camaatının dilinə-dişinə düşür. Əri Stepan məsələni bilir. Aksinyanı döyüb-söysə də bağışlayır. Qadın isə sevgilisindən hələ də ümidini üzmür. Ona təklif edir ki, çıxıb getsinlər başqa yerə.

Qriqori isə... Natalya ilə evlənir günün birində. Yazıçı, qadının durumunu belə anladır: “Buğda yeri cücərəndə yamyaşıl olur, sonra boy atır, çiçəkləyir; sünbüllər dənə düşür, saralmağa başlayır. Sahibi gəlir, zəmisinə baxdıqca tamaşasından doymur. Bu zaman taxıla hardansa mal-qara girir: dolu sünbülləri tapdalayır. Mal-qaranın ayaqladığı yerdə taxıl artıq yerə yatır, məhv olur...

Aksinyanın eşq macərası da belə oldu: onun yetkin və çiçəklənmiş duyğularını Qrişka xam göndən tikilmiş ağır çarıqları ilə tapdaladı. Bu hissləri külə döndərdi, murdarladı, vəssalam.”

Məlahət də əri Lətifə xəyanət elədi. Əslində pis adam deyildi Lətif. Sadəcə nəfsinə təslim olub şeytana uduzmuşdu arvadı...

Lətif, Məlahətin kürəyini ona çevirib yatmasına alışdı əvvəlcə. Sonra yersiz mübahisələrinə, dava-dalaşlarına. Sonra evə gec saatlarda gəlməsinə öyrəşdi. Bir az əsib-coşdu əvvəl-əvvəl, vəssalam. Sevdiyi üçün bütün günahlarını bağışladı arvadının. Amma bu “qəlbigenişliyi” baha başa gəldi Lətifə. Özü etibardan düşdü, sözü kəsərdən. Görən üzünü yana çevirdi. Mizantrop oldu Lətif. Qınına çəkilib ailəsini dağıtmamaq üçün dözdü.

Məlahəti el-aləmə rəzil edən qəssab Bəhlul oldu. Hamının gözü qarşısında onu maşınına mindirib aparır, gecədən keçmiş gətirib evinin qarşısında düşürürdü. Soruşana da qənarədə müştəri gözləyə-gözləyə ağırlaşıb qaralmış əti xatırladan dişlərini göstərərək “düyə göz eləməsə...” məsəlini xatırladırdı.

***

-Müəllimə, xahiş edirəm, mənim uşağımı Məlahətin qızı ilə bir parta arxasında oturtma.

-Niyə?

-İstəmirəm ki, uşağım elə əxlaqsız ailənin qızı ilə bir parta arxasında otursun...

***

İclasda Məlahətə ikrahla baxıb valideynlər. Məlahət başa düşüb ki, qızı həmin məhlədə böyüyə bilməz. Başqa yerə köçməlidi.

***

Tələbə yoldaşım olan həmin müəllimə deyir ki, bir neçə gün öncə Məlahət qızını alıb məktəbdən. Müəlliməyə evlərini satıb başqa yerə köçdüklərini deyib. Müəllimə ona uğur arzulayıb. Hara köçdüyünü soruşub. Qadın gözlərini uzağa zilləyib və kədərli-kədərli deyib: “Bəhlulun olmadığı yerə... ”