“Erməni bölməsindən yardım istəsək də, kömək etmədilər”

ermeni-bolmesinden-yardim-istesek-de-komek-etmediler
Oxunma sayı: 5089

Ermənistanın Üçmiədzin şəhərinin sakinləri hərbi hissənin qarşısına toplaşaraq ölkənin hərbi-siyasi rəhbərliyindən əsirləri geri qaytarmağı və itkin düşənləri tapmağı tələb edərək etiraz aksiyası keçirirlər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hərbçilərin onlarla qohumu komandanlığı fəaliyyətsizlikdə ittiham edirlər.

Bildirilib ki, hələ oktyabr ayında Üçmiədzindən olan ehtiyatdakı bir qrup hərbçi həmin vaxt şiddətli döyüşlərin getdiyi Zəngilən bölgəsinə köçürülüb və onlar mühasirəyə düşüb. Qeyd olunub ki, həmin qrupdan yalnız 34 nəfər mühasirədən çıxa bilib.

Hərbi hissənin kapitanı Kamo Malxasyan etirazçıların qarşısına çıxaraq, müdafiə nazirindən göstərilən ərazidə sabahdan etibarən axtarışların başlayacağı barədə məlumat aldığını açıqlayıb.

Hərbçilərdən biri David Katanyan mühasirəyə alındıqları üçün komandanlığı günahlandırıb.

“Komandir yox idi, hara gedəcəyimizi söyləmədilər. Nəticədə biz mühasirəyə düşdük. Təpənin üstündə bir generalın komandanlığı altında erməni bölməsi var idi. Onlardan yardım istəsək də, kömək etmədilər”,- deyə Katanyan qeyd edib.

İtkin düşən hərbçilərin analarından biri Anahit Adoyan bir neçə gün əvvəl bir neçə vətəndaşla birlikdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyünü bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın hökumət və Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında da əsir və itkin düşmüş əsgərlərin yaxınlarının iştirakı ilə etiraz aksiyaları keçirilmişdi.