Erməni əsilli ABŞ vətəndaşı Andre Xaçaturyan Moskvada silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskvanın İctimai Monitorinq Komissiyasının üzvü Konstantin Kim bildirib.
Xaçaturyan 7 saylı istintaq təcridxanasında saxlanılır.
K.Kim qeyd edib ki, Xaçaturyanın özünün dediyinə görə, o, ABŞ-dan Ermənistana uçarkən 2021-ci il dekabrın 26-da Şeremetyevo hava limanının tranzit zonasında saxlanılıb. Ondan GLOK-17 tapançası və patronlar aşkar edilib.
“İndi ona silah qaçaqmalçılığı maddəsi ilə (CM-nin 226.1-ci maddəsinin 1-ci hissəsi) ittiham irəli sürülüb. O, təqsirini boynuna almır. Deyir ki, əvvəllər mühafizə şirkətinin işçisi kimi çalışıb və silahlara görə Amerikadan icazəsi olub”, - Kim deyib.
Kim əlavə edib ki, Xaçaturyan yalnız iki dildə - erməni və ingilis dillərində danışdığı üçün heyət və məhbuslarla ünsiyyət qurmaqda çətinlik çəkir.