Erməni qızı ilə xəyanət -

ermeni-qizi-ile-xeyanet-
Oxunma sayı: 1875


Dəfələrlə qarşılaşdığım qadının bəxtəvər simasını çoxu qısqanırdı. Maşını var, üzü həmişə gülür, kefi yerindədi. Axı bizdə kiməsə tələsik xoşbəxtlik donu biçməyə alışıqdırlar. Hələ maşını olan üçün o qədər variant xırdalayırlar ki. Amma bir gün o ağzını açıb həyatından danışanda elə bil mənə dürtmə vurub ayıltdılar. Çoxunun qibtə etdiyi qadın dəfələrlə ərinin xəyanətinə tuş gəlib. 16 yaşında əri ilə qaçıb, ilk övladını qucağına alanda əri siftə dağını çəkib ona. Amma qaçan, yaxınları yanında üzüqara qadının xəyanəti bağışlamaqdan başqa yolu varmı? 

Bağışlanacağına əmin o əclaf isə qadının zəifliyindən istifadə edə-edə dəfələrlə xəyanət yolundan keçib, hətta gənc bir qızı yoldan çıxarıb. İki uşaqlı qadınını tərk edib, boşanıb, yeni ailə qurub. Xəyanət vərdişə çevriləndə onu heç nə durdura bilməz. Gözüdönmüş Rusiyaya qazanc dalınca gedəndə isə, bu dəfə erməni qızını növbəti xəyanətinə şərik edib. Düşmən bildiyimiz millətin qızından uşaqlar da peydahlayır. Özü də vaxtiylə qəhrəmanımı qız doğacaq deyə abortlara göndərən bu əclaf ermənidən iki qız uşağı doğulmasına belə narazı olmayıb. Düşmən, yad qızı çox şirin olub. Ermənini ancaq ağızdolusu söyməyə gücü çatan, tüpürüm nakişiliyinə! Ədalətsizliyin bu qədəri də olmaz ki…

Həmsöhbətim danışdıqca adamı dəhşət bürüyür. Bizim qadınlar nə boyda ağrıları, dərdləri içlərində gəzdirə bilirmiş? Üstəlik səssiz, gizlicə. Tək xoşbəxtliyi əri tərəfindən tərk ediləndə ailəsinin onu yenidən sahiblənməsidir. Bu qadının özündə güc tapması, indi övladlarının uğurları ilə öyünməsi. Qadın heç nəyi unutmurmuş, sadəcə həyatına sıfırdan başlamaq gücünü tapırmış. Cəsarət məcburiyyətdən doğarmış, düz deyirlərmiş. İndi o da cəsarətinin barını yeyir. Əhsən!

***

Dünyaca məşhur bir əsər var. Xalid Hüseyninin “Çərpələng uçuran” romanı. Orada Baba obrazının dilindən maraqlı fikirlər söylənilir: “Dünyada sadəcə bir günah var. O da oğurluqdur. Sən adam öldürəndə onun yaşamaq haqqını oğurlayırsan. Arvadının ərli ( qadınına xəyanət nəzərdə tutulur-red.R. E), uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan.” Maraqlı və düşündürücüdür. Deməli, mal oğurluğuna tələsik cəza biçmək çox tezmiş. Əvvəlcə həyatımızda sadalanan oğurluqlarımızı ayırd etməliyik. Xəyanət məsələsinə gəlincə, çoxluqla kişilər nə qədər oğurluq edirmişlər, məgər? Vəfa, sədaqət, doğru, sevgi, hörmət, qürur, diqqət oğurluğu. Bu qədər oğurluğun cəzası ödənməmiş qalacaqmı? Allahına onu həvalə edənin təsəllisi var. Kişiləri cəfəngiyyat dolu test, sorğularla sınağa çəkənlər niyə həmişə elə bu cinsi də haqlı çıxarırlar? “Dünyanın 79 %-i xəyanətlə üzləşir”. “Xəyanətkar kişilərin 56 %-i ailəsi ilə xoşbəxt olanlardır.” “Kişilərdə xəyanət geni var.” “Kişi kişidirsə xəyanəti də olmalıdır” və sairə. Bax, sonuncu fikir bizim cəmiyyətin həqiqət oğurluğunun özüdür ki, var. Bunların özü qadınları susmağa və bağışlamağa vadar edən cavabların özüdürkü. Kişiləri həqiqət oğurluğu ilə xəyanətə sürükləyən alimlərin çoxu elə kişilərdir. Deməyin ki, yağlı, kirli üst-başlı qadını elə aldatmaları gərəkdir. Qadın öz gözəlliyini kişi, ailəsi üçün oğurlamırmı? Həqiqi kişi qadınına qözəlliyini oğurlamamağı tövsiyə edə bilər.

Və qadınlar bütün oğurluqların qurbanıdırlar, vəssəlam.

“Qafqazinfo”