Ermənistanın “news.am” saytı, sən demə, Azərbaycanda kifayət qədər “populyar” imiş. Bu sayt ölkəmizdə populyarlıq səviyyəsinə görə bir çox tanınmış Azərbaycan saytlarını “geridə qoyub”. “Alexa.com” şəbəkəsinin reytinq cədvəlinə görə, “news.am” saytı populyarlığına görə Azrbaycanda 50-ci yerdə olmaqla bir çox populyar saytlarımızı üstələyib.
Amma məsələnin ən maraqlı tərəfi heç də bu deyil. İş ondadır ki, “news.am” Ermənistanda yayımlanan ermənidilli saytlar arasında ən reytinqli sayt olsa da, Alexa şəbəkəsinin hesablamalarına görə, bu saytın ziyarətçilərinin 59 faizi Azərbaycandan, 24 faizi Ermənistandan, qalan hissəsi isə müxtəlif ölkələrdəndir. İlk olaraq ağlımıza gələn o oldu ki, bu sayta Qarabağ ərazisindən daxil olanlar var və Alexa da bu ziyarətləri Azərbaycan kimi qeydə alır. Amma istənilən halda Ermənistanın ən populyar ermənidilli saytına ziyarətlərin 59 faizinin Qarabağdan olması fantastik iddiadır. Ermənistanın əhalisi hazırda Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin sayından ən azı 20 qat çoxdur və belə olan halda Azərbaycanın Qarabağ regionunun əhalisinin hansısa ermənidilli saytın trafikində üstünlük qazanması qəti olaraq qeyri-mümkündür.
Eyni zamanda Ermənistanın populyar saytlarından olan slaq.am saytına ziyarətlərin 81 faizi Ermənistandandır. Məntiqlə yanaşsaq, gərək bütün ermənidilli xəbər portallarına ziyarətlərin coğrafi nisbəti uyğun gəlsin. Məsələn, Azərbaycanın bütün xəbər portallarına ziyarətlərin 80-95 faizi Azərbaycandandır. Əgər “news.am” saytı ilə bağlı Alexa-nın qiymətləndirməsi doğrudursa, onda gərək bütün ermənidilli saytlara ziyarətlərin əsas hissəsi Azərbaycandan olsun. Halbuki bu nisbət müxtəlif ermənidilli saytlarda tamamilə müxtəlifdir.
Beləliklə, bizim çıxardığımız nəticə bundan ibarətdir ki, əslində “news.am” saytı Azərbaycanda populyar deyil və ziyarətlərin 59 faizinin bizim ölkədən olması da ağ yalandır. Sadəcə olaraq, Alexa şəbəkəsi saytların trafikini texniki baxımdan dürüst izləmək imkanından məhrum olduğuna görə ermənidilli saytı Azərbaycanda bizim öz populyar saytlarımızdan önə keçirib.
Bununla belə, Azərbaycanda Alexa-nı etibarlı reytinq tərtibatçısı kimi qəbul edib bundan arqument kimi yararlanmaq istəyənlər də var və bu mövzuda böyük-böyük yazılar yazmağa da vaxt tapırlar. Alexa-nın nə olduğunu və reallıqda saytları düzgün qaydada izləmək imkanlarından məhrum olduğunu izah etməzdən əvvəl bəzi həmkarlarımıza çağırış etmək istərdik: Əgər Alexa reytinqini etibarlı istinad nöqtəsi hesab edirsinizsə, zəhmət olmasa, əvvəlcə bir ermənidilli saytın Azərbaycanda bu dərəcədə populyar olmasının izahını verin. Başqa sözlə, Alexa-nı etibarlı sayırsınızsa, deməli, “news.am” saytının Azərbaycanda populyarlığını da həqiqət olaraq qəbul edirsiniz. Edirsinizmi?..
İndi isə əsas sualımız:
Nəyə görə biz Alexa-nı etibarlı trafik reytinqi olaraq qəbul etmirik?
1-ci səbəb: Alexa şəbəkəsi saytların göstəricilərini izləmək üçün ya “estimated” (“təqribi”), ya da “verified” (“təsdiqlənmiş”) metodundan istifadə edir. Göstəricilərin təsdiqlənmiş olması üçün gərək saytı Alexa-da qeydiyyatdan keçirib izləmə kodunu saytınıza yerləşdirəsiniz. Bunu etmədiyiniz halda göstəriciləriniz təqribi olacaq. Hər hansı saytı Alexa-da yoxlayan zaman sağ yuxarı küncdə qeyd görəcəksiniz: “This site’s metrics are estimated” (“Bu saytın göstəriciləri təqribidir”). Alexa-nın izləmə kodu sayta yerləşdirilərsə, həmin qeyd “This site’s metrics are verified” (“Bu saytın göstəriciləri təsdiqlənib”) şəklində olacaq. İndi Alexa-da dünyanın bütün aparıcı saytlarını bir-bir yoxlayın və onların arasında “verified” qeydini görə bilməyəcəksiniz. Çünki heç kim Alexa-nın izləmə kodundan istifadə etmir və bu üzdən bütün göstəricilər Alexa-nın özünün də etiraf etdiyi kimi, təqribidir. Beləliklə, dünyanın onilliklər qədər təcrübəsi olan böyük saytları Alexa-ya etibar etmirsə, biz nəyə görə etibar edək? Həmçinin öz göstəricilərini “təqribi” elan edən şəbəkə bizim üçün hansı səbəbdən idtinad nöqtəsi olmalıdır?
2-ci səbəb: Bəs Alexa həmin təqribi göstəriciləri necə əldə edir? Bu şəbəkənin izləmə kodları saytlarda olmadığına görə, siz hər hansı sayta daxil olduğunuz zaman Alexa sizin ziyarətinizdən xəbərsiz olacaq və bunu qeydə ala bilməyəcək. Alexa sizin ziyarətinizi o halda qeydə ala bilər ki, istifadə etdiyiniz brauzerdə Alexa paneli (“toolbar”) quraşdırılmış olsun. Bu paneli hər kəs öz kompüterində və ya mobil qurğusunda özü quraşdırmalıdır. Görəsən, bu sətirləri oxuyanların arasında neçə nəfər öz kompüterində və ya mobil qurğusundakı brauzerə Alexa panelini quraşdırıb? Təbii ki, Azərbaycanda bu paneli quraşdıranların sayı mikriskopik rəqəmdir. Nəticədə Alexa ölkə üzrə internet istifadəçilərinin təqribi sayı ilə Alexa panelini quraşdıranların sayını müqayisə etməklə saytın trafiki ilə bağlı təqribi rəqəm çıxarır. Məsələn, bu paneli quraşdıranların 2 faizi hər hansı bir saytı ziyarət edirsə, Alexa bunu ölkə üzrə internet istifadəçilərinin 2 faizi kimi qeydə alır. Amma Alexa panelindən istifadə edənlərin sayı az olduğuna görə bu nisbət reallıqdan əhəmiyyətli dərəcədə fərqlənə bilər. Başqa sözlə, burada “böyük ədədlər qanunu” pozulmuş olur. Belə bir nümunəyə baxaq. Azərbaycanda əhalinin 50,3 faizi qadınlardır. Siz təsadüfi qaydada 10 nəfər seçsəniz, ola bilər ki, onlardan 9-u, yəni 90 faizi kişi olsun. Təsadüfi qaydada 1000 nəfər seçsəniz, bu nisbət reallığa daha da yaxınlaşacaq və məsələn, 40 faizi qadın, 60 faizi kişi olacaq, yaxud əksinə… Amma təsadüfi qaydada bir milyon nəfəri seçsəniz, mütləq onlardan 50,3 faizi qadın olacaq. Ehtimal nəzəriyyəsində buna “böyük ədədlər qanunu” deyilir. Beləliklə, Alexa trafik nisbətini böyük ədədlər deyil, azsaylı istifadəçilər üzərində qurduğuna görə yekun nəticənin iri miqyasda təhrif olunması qaçılmazdır. Buna o halda etibar etmək olardı ki, Azəbaycanda internet istifadəçilərinin heç olmasa, yarısının brauzerində Alexa paneli quraşdırılmış olardı.
3-cü səbəb: Məsələn, Liveİnternet onlayn sayğac xidməti öz trafik reytinqini ziyarətçi İP ünvanlarının sayı üzərində qurur. Yəni gün ərzində ən çox adamın ziyarət etdiyi sayt birinci yerdə dayanır. Alexa isə öz reytinq cədvəlini İP və səhifə baxışlarının cəmi sayı üzərində qurur. Hər hansı saytı Alexa.com saytında yoxlamaya verin və açılan pəncərədə, “Rank in Azerbaijan” (Azərbaycanda reytinq yeri) qeydini görəcəksiniz. Bu qeydin sağında sual işarəsi var, kursoru o işarənin üzərinə gətirdiyiniz zaman bu reytinqin tərtib olunması qaydasının izahı çıxacaq. İngilis dilində verilmiş həmin izahın tərcüməsi belədir: “Ölkə üzrə reytinq son bir ay ərzində həmin ölkədən bu sayta daxil olan ziyarətçilərin orta günlük sayı ilə bu saytda yer alan səhifə baxışlarının kombinasiyası əsasında hesablanır. Ziyarətçilərlə səhifə baxışlarının cəmi sayı ən çox olan sayt həmin ölkədə birinci yerdə dayanır”. Beləliklə, Alexa öz reytinqini sayta daxil olan insanların sayı üzərində deyil, həm də səhifə baxışlarının sayı üzərində qurur. Bu hesablama qaydası isə dünya boyunca kütləvi saxtakarlıqlara yol açıb. Əvvəllər Alexa-nın populyar olduğu vaxtlarda bir çox insanlar belə fırıldaqların qurbanı olub. İP sayını şişirtmək nisbətən çətin prosedur olduğuna görə fırıldaqçılar səhifə baxışlarını saxta yolla artıtraraq Alexa reytinqində önə çıxır, sonra domeni satışa çıxarırdılar. Sadəlövh alıcı Alexa reytinqinə baxıb məmnun qalır və düşünürdü ki, belə trafiklə “Google reklamları”nı qoşub ayda 2-3 min dollar qazana bilərəm. Saytı baha qiymətə alandan az sonra başa düşürdü ki, bu trafik real deyil, amma daha peşmançılıq üçün çox gec olurdu. Hazırda da belə fırıldaqçılar var, amma onların bazarı daha əvvəlki kimi böyük deyil. Yeri gəlmişkən, Alexa reytinqinizi artırmaq istəyirsinizsə, Google-da “how to fake alexa ranking” (“alexa reytinqini necə saxtalaşdırmalı”) sözlərini axtarışa verin – çoxlu material tapacaqsınız. Hazırda Azərbycnda da bəzi saytlar bir İP-yə düşən səhifə baxışlarının sayını 12-14 səviyyəsinə qədər qaldırırlar. Halbuki dünyada bunun analoqu yoxdur. Dünyanın ən çox izlənən xəbər portallarında bu göstərici 2-5 aralığında dəyişir.
Başqa bir maraqlı fakt: Azərbaycanda turbo.az adlı bir sayt var. Kifayət qədər populyar saytdır. Gündəlik İP sayı 85-90 min, səhifə baxışlarının sayı isə 3 miyondan çoxdur. Həm də bu statistika realdır. Ətrafınıza baxsanız, görərsiniz ki, maşın alanlar da, satanlar da, sadəcə, maşın azarkeşləri də hər gün dəfələrlə bu sayta daxil olur və çoxlu sayda elana baxır. Hər bir elan bir səhifə baxışıdır. Amma Alexa-da bu sayt 49-cu yerdədir. Halbuki Alexa-nın hesablama metodlarına görə turbo.az Azərbaycanda ən pis halda 6-cı yerdə olmalı idi. Nəticədə Alexa-nın hesablamalarına görə, ermənidilli “news.am” saytı ilə turbo.az saytının Azərbaycandan olan ziyarətçilərinin sayı təxminən bərabərdir. İnandınızmı?..
4-cü səbəb: Dünyanın və eləcə də Azrbaycanın reklam şirkətləri heç bir halda Alexa reytinqinə etibar etmirlər. Uzun illərin təcrübəsi bu reytinqin aldadıcı olduğunu ortaya qoyub. Reklam şirkətləri bütün hallarda “Google Analytics” hesabını monitorinq edirlər. Çünki bu xidmət saxtakarlığı üzə çıxarmağa imkan verir. Siz “Google Analytics” göstəricilərinizi şişirdə bilərsiniz, ancaq peşəkar birisi monitorinq zamanı bu saxtakarlığı rahat-rahat ortaya qoya bilər. Son vaxtlar “Google Analytics” artıq robot cihazları aşkarlamaq və iqnor etmək üçün də texnologiyaları inkişaf etdirib.
Dünyanın bütün aparıcı saytlarının mənbə koduna (“source code”) baxsanız, orada “Google Analytics”-in izləmə kod dəstini taparsınız və o saytların heç birində Alexa-nın izləmə kodunu tapa bilməzsiniz.
Bahəddin Həziyev: “Saytlar arasında yarış özlüyündə niyə pis olsun ki?”
“Bizim Yol” qəzeti və Bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyev saytlar arasında sağlam populyarqlıq rəqabətinin olmasını normal sayır: “Avqustun 29-da Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyevin media strukturlarının rəhbərləri ilə görüşü, orada səslənən fikirlər ətrafında müzakirələr hələ də gedir. Müzakirə mövzusu olan məsələlərdən biri də saytların ziyarətçi trafiki ilə bağlı PA şöbə müdiri Əli Həsənovun dedikləridir. Mən də həmin konfransda idim və bu çıxışı da diqqətlə dinlədim. Professor Əli Həsənov bəzi saytların reytinq qazanmaq, İP yığmaq, daha çox izlənmə göstəricisinə nail olmaq üçün dezinformasiyalar yaydığını, süni hay-küy yaratdığını dedi. Hətta bununla da reytinq qazana bilməyəndə saxtakarlıq üsullarına əl atdığını dedi. Mən Əli Həsənovun bu fikirləri ilə tamamilə razıyam, çünki bəzi saytların bu qəbuledilməz, saxtakar üsullardan istifadə etdiyini isbatlayan təkzibedilməz dəlillərimiz də var. PA şöbə müdiri saxta İP “yarışı”nı pislədi və saytların reytinqinin monitorinqini zəruri saydı. Bu fikirlər də doğrudur”.
Baş redaktor rəhbərlik etdiyi saytın trafikinin monitorinq olunması və nəticələrin açıqlanması üçün müvafiq qurumlara müraciət edildiyini də vurğulayıb: “Biz hələ bu konfransdan çox əvvəl belə monitorinqlərin keçirilməsi ideyasını irəli sürmüşdük və hazırda müvafiq strukturlara da müraciət etmişik ki, saytımızın reytinq göstəriciləri ilə bağlı tərəfsiz, obyektiv və dərindən araşdırma aparıb nəticələrini hesabat şəkində dərc etsinlər. Hazırda bu yöndə işləyirik. Bununla belə tərəfsizliyi və obyektivliyi heç kimdə şübhə doğurmayam hər hansı bir formatda monitorinq aparılmasına da hazırıq və sözün doğrusu, bunu istəyirik. Ona görə də hörmətli Əli Həsənovun dediyi fikirlər Bizimyol.info saytı olaraq bizim də ürəyimizdən xəbər verdi. Ancaq bir məqamdan təəssüflnirik ki, bəziləri cənab Əli Həsənovun fikirlərini kontekstdən çıxararaq bütövlükdə saytlar arasında rəqabəti az qala qəbahət kimi təqdim edirlər. Bəlkə də bunun arxasında uduza biləcəkləri normal yarışın, ədalətli yarış mühitinin tamamilə aradan qaldırılmasına nail olmaq istəyi durur. Əslində “saxta İP yarışı”ndan söhbət gedir, yəni dövlət rəsmisi saxtakarlığa əsaslanan “yarış”dan, yəni haqsız rəqabətdən və onun qadağan olunmasından danışıb. Yarış isə özlüyündə niyə pis olsun ki?.. Ona qalsa, məsələn, idman yarışı, və ya siyasi yarış olan seçkilər, bankların reytinqi, ölkələrin iqtisadi inkişaf indekslərinə dair hesabatların hazırlanması və sair formalar var. Yaxud ali məktəblərə imtahanlar, bal sistemi ilə qiymətləndirmələr də olmasın?! Təbii ki, bu cür yanaşma absurddur. Saytlar arasında da yarış olmalıdır. O başqa məsələdir ki, bu yarış hansı şərtlərlə necə gedir, hansı meyarlarla və nə dərəcədə obyektiv qiymətləndirilir? Saxta üsullarla aparılan prosesin adı elə saxtakarlıqdır, yarış deyil. Bəzi təkliflər də səsləndi ki, sayğaclar gizlədilsin. Əslində bu təklifə də sakit yanaşırıq. Kim istəyir sayğacını gizlətsin, kim istəmir gizlətməsin. Hər kəsin öz işidir. Bunu hamıya tətbiq etdirməyə yönəlmiş uğursuz da olsa, cəhdlər var, bax, yanlış olan budur. İnsanların haqqı var ki, izlədiyi saytın reytinqi haqda məlumat alsın, populyarlığının nə dərəcədə olduğunu bilsin. Biz də izləyicimizin bu haqqına hörmətlə yanaşırıq. Ən başlıcası da odur ki, Bizimyol.info 10 İP-si olanda da, 100 İP-si olanda da, 1000 İP-si olanda da sayğaclarını gizlətməyib, 100 min İP-si olanda niyə gizlətməlidir?”.
B.Həziyev “Alexa” şəbəkəsinin gündəmə gətirilməsinə də münasibətini ifadə edib: “Bəziləri deyir ki, heç “Google Analytcs”-ə də etibar etmək olmaz. HotLog-a da şübhə ilə yanaşırlar. Necə olur ki, erməni saytına ən çox girişin Azərbaycandan olduğunu göstərən, İP və səhifə baxışlarını toplayıb statistika kimi təqdim edən və dünyada ciddi, respektabelli resursların, reklam şirkətlərinin etimad etmədiyi Alexa.com-a etibar edisiniz, amma bütün dünyada ən ciddi, mötəbər informasiya resurslarının, reklam şirkətlərinin əsaslandığı, inandığı “Google Analytics”-ə inanmırsınız? Dünyada mövcud olan və ciddi, mötəbər qurumların etibar etdiyi sayğacları qəbul etməyək, Azərbaycanın da daha operativ və obyektiv hesablama aparan bir sayğacı da təbii ki, yoxdur – bəs onda əvəzində nə təklif edirsiniz? Alexa.com-u təklif edirsinizmi? Onun haqqında bizim mütəxəssislərimizin araşdırmasına baxın və sonra cavab verin.
Bizim prinsipial mövqeyimiz belədir: Saxta üsullarla “yarış”a qatılmırıq; göstəricimiz az da olsa, çox da olsa, tərtəmiz özümüzün olsun deyirik. İP yarışmasının aludəçisi deyilik, amma haqlı yarış şərtləri daxilində rəqabətdən də qaçmırıq. Üstəlik, sayğac göstəricilərimizi çox olanda açmağı, az olanda gizlətməyi də doğru saymırıq. Və nəhayət, sayğaclrımızın, eləcə də başqalarının sayğaclarının əsl göstəricilərinin obyektiv monitorinq vasitəsilə ortaya qoyulmasının nəinki tərəfdarıyıq, əslində bunu hamıdan əvvəl təklif etmişik, olmasını da çox istəyirik. Biz nə uğur qazananda eyforiyaya düşürük, nə də uğursuzluqda panikaya. Göstəricimiz az olanda da ruhdan düşməmişdik, çox olanda da bununla lovğalanmırıq. Öz işimizlə məşğuluq və buna da qiyməti zaman və dəyərli oxucular, izləyicilər verir”.
Müşfiq Tofiqoğlu
Bizimyol.info saytının veb redaktoru