Ermənistan hakimiyyəti erməni kilsə xadimlərindən diplomatik nömrələrin alınmasına qərar verib. İlk addım Gürcüstanda atılıb və bu ölkədəki erməni yeparxiyasında olan avtomobillərdən qırmızı nömrələr kütləvi şəkildə müsadirə edilib. Bu, Ermənistan hakimiyyətinin kilsəyə yönələn ilk belə tədbiri deyil.
Bundan əvvəl də müəyyən tədbirlər görən Nikol Paşinyanın məqsədi erməni kilsəsinin dövlət siyasətinə və ictimai fikrə təsir imkanlarını aradan qaldırmaqdır. Bir müddət əvvəl baş nazir Nikol Paşinyan erməni kilsəsini “ictimai fikrə ən böyük təsir agenti” adlandıraraq demişdi ki, yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Bu bəyanat tarix boyu erməni məsələsi adı altında qonşularla düşmənçilik siyasəti yürüdən, həm Türkiyə, həm də Azərbaycanla siyasi problemlərin əsasını qoyan, erməni millətçiliyini təbliğ edən, erməni xalqının mənfur ideoloji sisteminin nüvəsində duran kilsənin gələcək fəaliyyətinin tamamilə dövlət nəzarətinə keçirilməsi məqsədi daşıyırdı.
İndiyə qədər erməni kilsəsi haqqında kənar müəlliflərin dediyi faktları artıq Ermənistanın birinci şəxsi dilə gətirir və bununla da kilsənin fəaliyyətini ifşa edir. Çünki Qriqoryan kilsəsi erməni terrorizminin ideoloji əsaslarını formalaşdırıb, onun təşkilatlanmasında mühüm rol oynayıb. Kilsə həm də erməni terrorizminin maliyyə imkanlarının təmin olunmasında hər zaman əhəmiyyətli qüvvə kimi çıxış edib. O, bütün dövrlərdə erməni millətçiliyinin və separatizmin inkişafına güclü dəstək verib.
Erməni Qriqoryan kilsəsinin bilavasitə maliyyə dəstəyi və himayəsi altında XX əsrdə saysız-hesabsız terror aktları baş verib. Dünyanın müxtəlif yerlərində türklərə qarşı həyata keçirilən bu terror aksiyaları əsas göstərişi kilsədən alıb və bu addımların hamısı sonda əzəli Azərbaycan torpağı olan Qarabağda şovinist, separatçı, təcavüzkar siyasətin başlanmasına səbəb olub. Azərbaycan torpaqlarının işğal siyasətini dəstəkləyən, bu işğala haqq qazandıran erməni din xadimləri XIX əsrin əvvəllərində bu ərazilərə ermənilərin kütləvi köçürülməsini də təbliğ edib.
Ötən əsrin 90-cı illərində Qarabağda başlayan separatçılıq da Eçmiədzindən idarə olunurdu. Onlar Azərbaycan torpaqlarının 20 faizinin işğalına nail olduqdan sonra bu ərazilərə dünyanın müxtəlif yerlərindən ermənilərin köçünü təşkil edirdi. Bu məsələdə Livandakı Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aram xüsusi fəallıq göstərirdi. Məhz onun təşəbbüsü ilə Ermənistan açıq şəkildə 100-150 Livan erməni ailəsinin Qarabağa köçürülməsinə rəsmən razılıq vermişdi. Ona görə də siyasi proseslərdə xüsusi fəallığı ilə seçilən erməni kilsəsindən söhbət düşəndə tarixçilər qeyd edir ki, əslində, erməniləri millət və dövlət anlamında yox, “erməni kilsə-dövləti” formasında təqdim etmək lazımdır. Nikol Paşinyan etiraf edir ki, erməni kilsəsi həmişə öz maraqlarını erməni xalqından üstün tutub. Əgər belə olmasaydı o zaman Ermənistan parlamentinin spikeri Alen Simonyanın da vurğuladığı kimi, “kilsə diasporadan pul yığıb, şam, “coca-cola”, şərab satıb, restoranlara sahib olub” vergidən yayınmazdı. İndi Ermənistanda başa düşürlər ki, kilsə tarix boyu erməni xalqının duyğuları və tarixi ilə oynayıb və bu siyasətə son qoymaq vaxtı çatıb. İndi yüz illərdir erməni xalqına əllərini öpdürən din xadimləri də vergi ödəyicilərinə çevriləcəklər. Simonyan deyir ki, onların heç biri orduya patron alan, vergi ödəyən adi biznesmendən üstün deyil. Nikol Paşinyan dəfələrlə deyib ki, əsas məqsədi Ermənistan dövlətçiliyini qoruyub saxlamaqdır.
Əvvəllər bu məsələdə köməyə gələn kilsə indi bu işə mane olur, cəmiyyəti bölücü ruha kökləyir, ölkədə siyasi hakimiyyəti dəyişdirməklə xalqı yenidən bataqlığın içinə çəkir. Qərbə inteqrasiya kursu götürən, Rusiya ilə münasibətləri dərindən sarsıdan Nikol Paşinyan isə öz planlarını başqa qüvvələrlə paylaşmaq istəmir, o, əldə etdiyi uğurların üzərinə kölgə salan qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirir.
“Vətən Uğrunda Tavuş” hərəkatının və onun lideri Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları göstərdi ki, erməni xalqı dindarlara inanmır və revanşistlərlə əməkdaşlıq edən Eçmiədzin yetişdirmələri cəmiyyətdə böyük nüfuza malik deyil. Rusiya və Qərbdəki diaspor dairələrinin də dəstək verdiyi keşişlərin etiraz aksiyalarına qoşulanların azlıqda qalması iqtidarın əminliyini bir qədər də möhkəmləndirdi.
Kilsənin Ermənistanın dövlət siyasətindən kənarlaşdırılması ilk növbədə xalqın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə etimadını gücləndirəcək. Çox güman ki, iqtidar bu istiqamətdə daha təsirli addımlar atacaq, çürük ideoloji çərçivələrdən imtina qonşularla əlaqələrin yaxşılaşmasına, regionda əməkdaşlıq ruhunun bərpasına gətirib çıxaracaq. Kilsəyə verilən dərs həm də diasporanın Ermənistan iqtidarının fəaliyyətinə təsir və təzyiq imkanlarını azaldacaq.
MTM Analitik Qrup