Ermənilər Azərbaycanla Kanadanın əməkdaşlığına mane olmaq istəyir

ermeniler-azerbaycanla-kanadanin-emekdasligina-mane-olmaq-isteyir
Oxunma sayı: 739

Kanadanın erməni diasporası Azərbaycanla Kanadanın İNKAS şirkəti arasında Azərbaycan DİN üçün zirehli transportyorların təchizatı ilə bağlı sazişin həyata keçirilməsinə mane olmaq istəyir.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, AZCAN birgə müəssisəsi Azərbaycanda həmin zirehli maşınların yığılması ilə məşğul olacaq.

Siyasi məsələlər üzrə Kanada-Ermənistan komitəsinin prezidenti Şage Tanaçyan Kanadanın baş naziri Castin Trüdoya məktub göndərərək, erməni diasporasının bu məsələdən narahatlıq keçirdiyini bildirib. Bundan əlavə, Kanadanın Erməni Milli Komitəsi (ANCC) parlament üzvlərinə müraciət edərək, Azərbaycan-Kanada əməkdaşlığının müzakirəsi üçün görüş keçirilməsini xahiş edib.

Öz növbəsində, Kanada xarici işlər nazirinin mətbuat katibi Adam Ostin bildirib ki, nazirliyin nümayəndəsi erməni icmasının təmsilçiləri ilə görüşəcək.
İş o yerə çatıb ki, Azərbaycanın Kanadada müvəqqəti işlər vəkili Ramil Hüseynli bununla bağlı Kanada radiosuna şərh verib. O deyib ki, ermənilərin bu zirehli maşınların cəbhə zonasında istifadə ediləcəyi ilə bağlı hay-küyü tamamilə yersizdir, çünki həmin texnika daxili işlər orqanları üçün alınır.