“Ermənilər yalan yayır ki, guya bu sənəd Belçikada qəbul edilib”

ermeniler-yalan-yayir-ki-guya-bu-sened-belcikada-qebul-edilib
Oxunma sayı: 3190

"Erməni lobbisi əlindən gələni etmək istəyir ki, artıq dağıdılmış, kaputilyasiya aktına imza çəkmiş, öz mövqelərini tamamilə itirmiş Ermənistan və qondarma rejimə hansısa formada dəstək versin. Bu işlərin hamısı əbəsdir. Ancaq hər bir halda Avropa parlamentlərinə qondarma rejim və Ermənistanla bağlı hansısa formada sənədlərin, qətnamələrin təqdim edilməsiylə məşğuldurlar".

Bunu "Qafqazinfo"ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, hazırda Belçika parlamentində bu işlər aparılır: "Ancaq Belçikayla bağlı məsələ fərqlidir. Fərq ondan ibarətdir ki, Belçika parlamentinə daxil olmuş sənəd öz içərisində tamamilə yalan-böhtan və Azərbaycanın ərazi bütövlüyünə zidd olan məsələləri əhatə edirdi. Faktiki olaraq, Fransa Senatının qəbul etdiyi sənədlə oxşar idi. Bu sənədin özünü təqdim edən şəxs Belçikada separatçı hərəkatın nümayəndəsi idi. Bu sənəd Beynəlxalq əlaqələr komitəsindən keçmədi. Noyabrın sonunda 2-ci sənədi təqdim etdilər. Sənədə bir balaca dəyişikliklər edildi, ancaq bu sənəd də qəbul edilmədi. 

Dünən Beynəlxalq əlaqələr komitəsində sənədin üçüncü variantı təqdim olundu. Bu üçüncü variant özündə həm Azərbaycana, həm Türkiyəyə qarşı xoşagəlməz və qəbulolunmaz ifadələr daşıyır. Ancaq sənəd bir neçə prinsipial məsələlərlə fərqlənir. Birincisi, sənəddə BMT TŞ-nin qətnamələrinə istinad olunur. İkincisi, sənədin içərisində hər hansı sanksiyalardan və hər hansı bir müstəqil qurumun Azərbaycan ərazisində yaradılmasından söhbət getmir. Bu, o deməkdir ki, Fransanın mövqeyi artıq Avropa ölkələri içərisində təklənməyə başlayıb. Xüsusilə də Belçikada bu məsələnin gündəmə bu cür gəlməsi o deməkdir ki, beynəlxalq qanunu hər hansı formada inkar etmək Avropa ölkələri tərəfindən getdikcə çətinləşir. Layihə bizim üçün qəbulolunmazdır, onu tənqid edirik. Rəhbərlik etdiyim komitə bununla bağlı etiraz məktubunu göndərib.

Belçikada bu sənəd hələ qəbul olunmayıb.Hələ layihə formasında komitədə müzakirə olunub. Erməni tərəfi dünəndən yalan-böhtan yayır ki, guya belə bir sənəd qəbul edilib. Birinci və ikinci versiyada olan layihəni son versiya kimi təqdim etmək cəhdləri edirlər. Halbuki sənəddə bir sıra dəyişikliklər aparılıb. Onların gücü çatmır ki, tam istədiklərinə nail olsunlar. Ona görə ki, reallıq öz yerini yavaş-yavaş Avropada və bütün dünyada tutacaq. Belçikada gedən proseslər bunun əyani sübutudur".

Günel Türksoy