Azərbaycanda ermənidən söz düşəndə ona yalnız “düşmən” deyib keçirlər. Əslində isə, düşmən barədə məlumatlı olmaq, onun lap dilini öyrənmək belə vacib məsələdəndir. Çoxu erməni dilini öyrənməyə əks fikirlər söyləyir. Amma ermənilər az qala kütləvi şəkildə dilimizi öyrənməyi hədəfləyiblər. Elə bu yaxında Türkiyədə azərbaycanlı tədqiqatçı, jurnalist, eləcə də erməni dili üzrə mütəxəsis Qafar Çaxmaqlının “Ermənicə dərslər” adlı kitabı çapdan çıxıb. Təəssüf ki, kitabın məqsədi ilə bağlı yerli mətbuatda doğru olmayan fikirlər gəzir. Bu səbəbdən Qafar Çaxmaqlı(Mehdiyev) bir çox məsələyə aydınlıq gətirmək üçün fikirlərini “Qafqazinfo” ilə bölüşüb. Maraq doğuran müsahibəni təqdim edirəm. Qeyd edim ki, Qafar müəllim vaxtiylə Azərbaycanda görə bilmədiyi, arzuladığı işini Türkiyədə davam etdirir. Hazırda o,Türkiyədə Ərciyəs Universitetində müəllim kimi fəaliyyət göstərir, eləcə də yaratdığı Erməni Araşdırmalar Mərkəzinin rəhbəridir.
“Mənim bu cür vacib işimin tv-də səsləndirilən erməni mahnısı ilə eyniləşdirilməsinə təəssüf edirəm”
“Bu yaxında Türkiyənin Ərciyəs Universitetində yayınlanan kitabım “Ermənicə dərslər”( özbaşına erməni dilini öyrənənlər üçün) bir dərs vəsaitidir. Bu kitabı Türk Tarix Qurumunun o vaxtkı rəhbəri, hörmətli Ali Birincinin xahişi ilə hazırlamışdım. Çünki Türkiyədə erməni dilli mütəxəsislər, ayrı-ayrı qurumlarda çalışacaq kadrlar hazırlamaq üçün indiyə qədər mövcud olan dərs kitabları yetərli deyildi. Bir də Türkiyədə, o cümlədən ABŞ-da, Avropada, Yaxın Şərqdə danışılan erməni dili ilə indiki Ermənistan ermənilərinin dili arasında fərqlər var, bu dillər çox fərqli olmasa da eyni də deyildir. Türkiyədə indi mənim də yardımımla hazırlanan erməni dilini bilən mütəxəssilər Ermənistanın rəsmi dilini bilməlidirlər ki, faydalı olsunlar. Gələcəkdə bu dili bilən şəxslərə ehtiyac olacağını nəzərə alan dövlət ermənişünaslıq bölümünü də elə ona görə açıb . Bu mənada mənim kitabım önəmli ölçüdə bu boşluğu dolduracaqdır. Kitabım Türkiyədə sensasiya doğuracaq qədər diqqət gördü. Türkiyənin əsas TV- ləri mənimlə bu kitabla bağlı müsahibələr verdilər, “ Hürriyet”, “Sabah”, Milliyət” kimi nüfuzlu qəzetlər başda olmaqla, Türkiyənin əksər beynəlxalq mediya orqanları bunu əsas xəbər kimi çatdırdılar. Kitab erməni əlifbasını bilən ,təməl məlumata sahib adamların müəllimin yardımı olmadan öyrənə biləcəkləri bir dərs vəsaitidir. 350 səhifəlik kitab 16 dərsdən ibarətdir. Bu o deməkdir ki, qarşısına erməni dilini öyrənmək məqsədini qoyan şəxs 16 həftəyə dili öyrənmək imkanı qazana bilər. Bu həqiqətən Türkiyədə bir ilk olduğuna görə əhəmiyyətli sayıldı. Azərbaycanda bununla bağlı hər hansı fikrin olub-olmasından asılı olmayaraq mən belə hesab edirəm ki, ermənicə həm Türkiyədə , həm də Azərbaycanda öyrədilməli, bu dili bilən adamların imkanlarından maksimum istifadə olunmalıdır. Yoxsa biz gəlcəkdə çox böyük çətinliklərlə rastlaşacağıq. Əslində mən Azərbaycandakı bəzi qurumlardan gözləyirəm ki, bu kitabın Azərbaycan türkçəsi variantını hazırlamağı məndən xahiş etsinlər. Türkiyə gec də olsa, buna əhəmiyyət verir, ermənicə mütəxəsis hazırlamağın vacibliyini dərk edirlər, Azərbaycan isə savaş içərisində olan dövlətlə bağlı önəmli məsələlərə bəzən heyrətli dərəcədə biganə münasibət bəsləyir. Hətta bu cür vacib işimi hansısa TV-də səsləndirilən erməni mahnısı ilə eyniləşdirməyə çalışır, özlərinin bu yanlış hərəkətlərinə haqq qazandırmaq üçün dilə gətirirlər”.
“Armenizmdən terrorizmə…” kitabını Azərbaycanda çap edən yoxdur
Bu arada qeyd edim ki, ötən il Türkiyədə Qafar müəllimin çapdan çıxan “ Armenizmdən terrorizmə. Erməni düşüncə sistemləri və ideolojiləri “ adlı kitabı da səs-soraq salmışdı. Müəllifin bu barədə dedikləri: “Bu kitabım Azərbaycanda çap olunmayıb. Bu kitabda nələr var? Erməni milliyətçiliyinin mahiyyətindəki irqçiliyi, başqa xalqlara yuxarıdan aşağı baxmaq, hədəfə çatmaq üçün insanları terrorizə etmək, onları fiziki cəhətdən məhv etmək meyllərini, onun terrorçu xarakterini akademik səviyyədə açıb göstərməyə çalışmışam.
Ermənilərin yaratdıqları əksər siyasi və qeyri siyasi təşkilatların mayasında olan və erməni tarixçilərinin özlərinin etiraf etdikləri kimi bu ideologiyanın erməni millətinin dövlət anlayışı kimi formalaşdırmağa meylli qüvvələr də olmuşdur və bu gün də vardır. Ermənilərin tarixdə heç bir dövrdə tam müstəqil dövlətləri olmadığından ideologiyalarını bu əsas üzərində-hər şeyi başqalarından mənimsəmə prinsipi üzərində qurmuşlar və millət olaraq öz milli kimliyini ayaqda tutmaq üçün yeni düşüncə sistemlərini formalaşdırmışlar. Armenizmdən, yəni ermənilikdən bəşəriyyət üçün çox təhlükəli olan andranikizm, tsexakronizm, şovinizm, erməni faşizmi və digər “izmlər” törəmişdir. Kitabda armenizm (erməniçilik) ideologiyasının milliyyətçiliyə və digər irqçi cərəyanlara çevrilməsindən danışılır, bununla bağlı ana faktorlar, nəticələr məhz erməni mənbələrinə, tarixi qaynaqlara istinadən verilir. Bu kitab Türkiyə türkçəsindədir, azərbaycancası hazırdır, amma onu çap etdirmək imkanım yoxdur hələ. AVCİYA (Az.Vətəndaş Cəmiyyətinin İnkişafına yardım Assosiasiyası) məndən bir ildən çoxdur, alıb ki, bir şey fikirləşəcək. Türkiyədə isə bu yaxında bu kitabın bir az fərqli variantının ikinci basqısı olacaq.
Türkiyəda yayınçılıq prinsipləri Azərbaycandan xeyli fərqlidir. Azərbaycanda kitabını çap etdirmək üçün şəxsi vəsaitin olmalıdır. Bu yoxdursa, kitabının içində istəyirsən qızıl xırdala, xeyri yoxdur. İstəyirsən lap ağzına gələni yaz , pulunu ver kitabını çap etdir. İndi yüzlərlə belə kitablar çap olunur. Onun bir faydasının olub- olmaması kiminsə vecinə deyil. Burada isə kitabı çap etmədən öncə yayın evlərindən məlumat almağa çalışırlar, yayınlayacaqları kiatablar nə dərəcədə əhəmiyyətlidir. Mənim kitabım bu sorğuya daxil edildi və öncəlik qazananlardan biri oldu. “ Armenizmdən terrorizmə. Erməni düşüncə sistemləri və ideolojiləri “adı ilə 2013- də “Tuydem Yayıncılık” tərəfindən çap olundu. Tirajı az olduğundan dərhal bitdi. İndi “ Selenge “ Yayın Evi ilə danışmışam və yeni redaktədə və dediyim kimi müəyyən dəyişmələrlə daha böyük tirajla çap ediləcək”.
“Ermənilərin türk çıxmaq qorxusu” kitabı 6 dildə olacaq
“Bu il mənim daha bir kitabımın da yayınlanması gözlənilir. Bu kitab “ Ermənilərin türk çıxmaq qorxusu” adlanır. Kitabda ermənilərin DNT testləri vasitəsilə nə oyunlar çıxardığını ifşa etmişəm. Özü də, bu kitab 6 dildə olacaq. Bundan sonra da erməni terrorizminin kökündə dayanan düşüncə sistemlərinin nələrdən ibarət olduğunu açıb ortaya qoyacaq , bölgəmizə , xalqımıza gətirdiyi faciələdən bəhs edən akademik çalışmalarım davam edəcəkdir”.
“Bu arada onu qeyd edim ki, erməni dilini öyrənmək istəyənlər bilməlidirlər ki, iki ermənicə var. Biri-qrabar ermənicədir, digəri isə çağdaş ermənicə, hazırda erməninin işlətdiyi dil. Grabar dilində yazılan əsərlər müasir dilə tərcümə olunmasa anlaşılmaz. Yəni, fərq böyükdür. Erməni dilindəki bu uçuruma səbəb digər dillərin təsirinə düşməsi olub. En güclü təsiri isə türk dili göstərib. Türkcədən erməni dilinə 10 minə yaxın kəlmə keçib. Erməni alimi Hraçya Acaryan bu kəlmədən 4500-nü təsbit edib. Mənim də “Yeni Türkiyə” adlı jurnalında “Türk dilinin erməni dilinə təsiri” adlı elmi məqaləm var. Bir də istənilən dili öyrənmək üçün lazımı şərait olmalıdır”.
“Azərbaycanda ermənicəni öyrənmək yanaşması formalaşmayıb”
“Türkiyədə ermənicə öyrədilməsinə artıq bir neçə ildir ki, ciddi yanaşılır. Sevinirəm ki, bu işdə mənim də yardımım dəyir. Burada ayrıca kafedra fəaliyyət göstərir. Bakalavr, magistratura pillələri var. Dörd il ərzində tələbə yalnız dil və bu sahə üzrə mütəxəssis kimi yetişdirilir. Bundan başqa Erciyes Universitetində Strateji Araşdırma Mərkəzi fəaliyyət göstərir ki, onun da yaradılmasında köməyimi əsirgəməmişəm. Vaxtiylə Bakı Dövlət Universitetində belə bir mərkəzin- Erməni Araşdırma Mərkəzi qurulması üçün əlimdən gələn hər şeyi etdim. Bu müstəqil bir qurum olmasa və yaxşı maliyyələşməsə onun heç bir effekti olmazdı. Onu tarix fakültəsində bir kafedranın tərkibində elmi tədqiqat laboratoriyası olaraq olmasını uyğun gördülər. Və mən burada istədiyim səviyyədə fəaliyyət göstərə bilməyəcəyimi görüb bu işi buraxdım. Yanılmadığım bu neçə il içində görünür... Əlbəttə, bizim ölkədə də belə ciddi məsələyə xüsusi yanaşma olmalıdır. Çünki rəqiblərimiz qibtə olunmayacaq dərəcədə yaxşı işləyirlər. Çox güclü şəbəkə qurublar. Onların qarşısına çıxmaq üçün ciddi işlər görmək tələb olunur. Mən fərd olaraq bu fəaliyyəti göstərmək üçün geniş bir meydan əldə etmişəm, deyə bilərəm. Türkiyədə ciddi mənada əksər belə planların içində oluram, tədbirlərdə iştirak edir, səylərimi göstərirəm. Bu işdə kampaniyaçılığı qəbul etmirəm. Azərbaycandan bəzən bu məsələni bilməyən xəbərsiz adamlar çıxırlar meydana . Ciddi alimlərimiz kölgədə qalır. Bu günlərdə Vanda bir simpoziyum vardı, Azərbaycandı orada professor Solmaz Rüstəmova -Tohidi təmsil edirdi. Mən fəxr elədim, Solmaz xanımla . Azərbaycan artıq bu işin bəzi “tutuquşu”ların işi olmadığını görməlidir. Bizim ölkəni xaricdə də daha ciddi alimlər təmsil etməlidir”.
“Ermənistanda böyük türkoloq ordusu var”
“Ermənistanda türk dili mütəxəsisləri istənilən qədərdir. Onlar bunu akedimik səviyyədə həll etməyə çalışırlar. Böyük türkoloq ordusu var. Arşadırma mərkəzlərində türkcə bilən bir neçə politoloq olur, azərbaycancanı mükəmməl bilən kadrlar var. Hər il Ermənistan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini 25-ə yaxın mütəxəsis məzun bitirir. Bununla da onlar kifayətlənmirlər. Bu yaxında Ermənistan Müdafiə Naziri Seyran Ohanyanın İrəvan Unuversitetində belə bir çıxışı olub. O “azərbaycanşünaslıqla bağlı işlərdən hələ də razı qalmadığını bildirib, “düşmən dili”nin öyrənilməsini tövsiyyə edib. Biz də isə bir daha qeyd edirəm, erməni dilini tədris etmək, öyrənməyə münasibət doğru deyil. Bir millətin dilini öyrənmək tək ona xoş münasibətdən irəli gəlmək demək deyil. Baxın, Jirinovski də türk dilini bilir, amma türkün dostudurmu? Mənə gəlincə, erməninin imkanı olsa mənim kimilərin qanını içərlər. Azərbaycanda təhlükəli adamlar arasında mənim də adım var. Hətta bu mənada dostlarım mənə xəbərdarlıq edirlər. Buna baxmayaraq, mən öz işimdəyəm”.
Raminə Eyvazqızı