“Ermənilərin məsuliyyətə cəlb edilmələri üçün tədbirlər görüləcək”

ermenilerin-mesuliyyete-celb-edilmeleri-ucun-tedbirler-gorulecek
Oxunma sayı: 1957

Azərbaycan Prokurorluğunun yaradılmasının 102-ci ildönümü qeyd olunub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Kollegiya üzvləri oktyabrın 1-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Şəhidlər xiyabanına gələn Kollegiya üzvləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Baş Prokurorluqda milli prokurorluğun yaradılmasının ildönümünə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə son günlər düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc sakinlərimizə qarşı terror əməllərini davam etdirir, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

K.Əliyev qeyd edib ki, prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, Baş Prokurorluq tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün imkanlarından istifadə edərək lazımı tədbirlərin görülməsi təmin ediləcək.

Tədbirin yekununda Azərbaycan Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.