İnformasiya erasında yaşadığımıza baxmayaraq, bir çoxlarımızın demək olar ki, məlumatsız olduğumuz və bədnam qonşularımız tərəfindən hazırlanan, tarixdə bəlkə də analoqu olmayan “Nemezis” adlı antiazərbaycan, antitürk və antimüsəlman xarakterli terror əməliyyatı baş vermişdir. Bu əməliyyat barədə danışmazdan əvvəl ilk öncə çox təəssüf hissi ilə ciddi bir məsələyə toxunmaq istərdim ki, biz bu gün də düşmənlərimizin təhlükəliliyini, bədxahlığını və amansız olduqlarını kifayət qədər dəyərləndirmir və onlara adekvat münasibət sərgiləmirik.
Bu günə qədər keçən tarixdə düşmənlərimizin Azərbaycana qarşı vəhşiliklərilə bağlı kifayət qədər faktların və məlumatların olmasına baxmayaraq, bunlarla bağlı mütəxəssilərimiz, tarixçilərimiz və çox geniş kollektivə malik olan Elmlər Akademiyasının araşdırmaçı alimləri tərəfindən samballı bir araşdırma və dolğun bir sənədli əsər ortaya qoyulmayıb. Demək olar ki, yalnız dövlət başçısı mötəbər tədbirlərdə və imkan tapdıqca yüksək kürsülərdən işğalçıların dövlətimizə və xalqımıza olan münasibətlərinin tarixi mahiyyətini və yürütdükləri terror siyasətinin detallarını əsaslı faktlarla bütün dünyanın diqqətinə çatdırmağa çalışır. Prezident İlham Əliyev ixtisasca tarixçi olmasa da, dəfələrlə işğalçı dövlətin rəmzinə çevrilən faşist təxəyyüllü Nijdenin, terrorçu Karapetyanın və müstəqillik dövründə işğalçı rejimin “qəhrəman”larının vəhşiliklərini kifayət qədər mükəmməl şəkildə işıqlandırması ümid edirik məsul şəxslərimizə örnək üçün nəhayət ki, yetərli olacaq.
Son çıxışlarının birində, Prezidentin İrəvanın və digər tarixi torpaqlarımızın düşmənlərimizə verilməsi tarixinə toxunması məhz onunla əlaqəli olan adını çəkdiyimiz “Nemezis əməliyyatı”nı aktuallaşdırmış oldu. Bu vəhşi əməliyyat Ermənilərin dövlət siyasətini həyata keçirən Daşnaksütyun partiyasının keçirdiyi silsilə terror aksiyaları olub. Aksiyaların məqsədi qondarma erməni soyqırımını və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması və həm də İrəvanın və digər torpaqların onlara güzəşt edilməsinə “təşəkkür” cavabı idi. Qətlə yetirilən şəxslərin arasında həm Azərbaycan Demokratik Respublikasının, həm də Osmanlı imperiyasının keçmiş rəhbərləri var idi. Adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülən əməliyyatın təşkili və keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınıb. Qondarma soyqırıma guya aidiyyatı olan insanların 650 nəfərlik bir siyahısı tutulur, onların içərisindən 41 nəfər, "əsas günahkarlar" elan edilir. Əməliyyata rəhbərlik üçün xususi orqan yaradılır və bütün əməliyyat prosesi üçün bütün məsuliyyət həmin orqanın üzərinə qoyulur. Qeyd olunan orqana rəhbər qismində Ermənistan Respublikasının ABŞ-dakı elçisi Armen Qaro təyin olunub. Bütün bunlarla yanaşı erməni Şaan Satçaklyanın rəhbərliyi altında xüsusi fond da yaradılır. Operativ rəhbərlik və əməliyyatların maddi dəstəyi ilə ermənilər Şaan Natali və Qriqor Merdjanov məşğul olmalı idilər.
Əməliyyatın gələcək qurbanları barədə informasiyaların yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştrak edirdi, o mühacirətdə yaşayan "gənc türklərlə" yaxın əlaqələr qura bilmişdi. Qətllərin törədilməsi üçün, 3 və ya 5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi. Bunlar "Çakatamart" (İstanbul) və "Droşak" (Boston) qəzetlərinin redaksiyaları idi.
“Nemezis əməliyyatı”nın gedişatı müddətində bir sıra cinayətlər törədilib və Azərbaycanın və Türkiyənin görkəmli şəxsləri qətlə yetirilib. Qətlə yetirilənlər arasında ilk şəxs ADR-in keçmiş baş naziri Fətəli xan Xoyski oldu. Belə ki, 19 iyun 1920–ci il Tiflisdə, Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçular Aram Yerkaryan və Misak Kirakosyan törətmişlər. Eyni tarixdə də Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev də qətlə yetirilir. 19 iyul 1921–ci il tarixdə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir də qətlə yetirilir.
15 mart 1921-ci ildə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa qətlə yetirilir. Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyleryan Berlin məhkəməsi tərəfindən bəraət almış və azadlığa buraxılmışdı.
Əməliyyat nəticəsində Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa, keçmiş Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir və bir sıra digər dövlət əhəmiyyətli şəxslər qətlə yetirilir.
“Nemezis” əməliyyatının gedişi zamanı hətta bu əməliyyatla bağlı məlumat sızdıran ermənilər belə xalq düşməni elan olunaraq təqib edilir və ən ağır şəkildə cəzalandırılırdılar.
Əməliyyat nəticəsində bir çox baş tutmayan cinayətlər də olmuşdur. Belə ki, terrorçuların hazırladığı ölüm siyahısında ilk adlardan biri olan Türkiyənin keçmiş hərbi naziri Ənvər paşa, İttihad və Tərəqqi cəmiyyətinin keçmiş baş katibi doktor Nazim də erməni terrorçuları tərəfindən uzun müddət izlənilsələr də terrorçular onları qətlə yetirə bilməyib.
Siyasi şərhçi Xəyal Bəşirov