Deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Kamal Cəfərov “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı bəyanata münasibət bildirib.
O, "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə ona görə əhəmiyyətlidir ki, bu sənəd Şərq Tərəfdaşlığı Proqramının yol xəritəsidir:
"Bu sənəddə göstərilən müddəalar isə Avropa İttifaqının və Avropa Komissiyasının bu sahədəki fəaliyyətinin əsas prinsiplərini müəyyən edir. Hesab edirəm ki, bu mühüm sənəd Azərbaycanın milli maraqlarına ən yüksək səviyyədə xidmət edən müddəalardan ibarət sənəddir. Çünki preambulada Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsinə istinad edilir. Bu qətnamədə iki dəfə, 8-ci və 10-cu bəndlərdə erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. Avropa Parlamenti bununla da növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Avropa İttifaqına və Komissiyasının tövsiyə edir ki, gələcək fəaliyyətlərini bu prinsipləri rəhbər tutaraq həyata keçirsinlər. İkincisi, bu sənəddə bir daha qeyd edilir ki, Azərbaycanın əraziləri hələ də işğal altındadır və və bununla da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü pozulub. Avropa Parlamenti eyni zamanda bu cür xarici təcavüzün və işğalın neqativ nəticələrini, insan haqlarının pozulmasını qeyd edir. Çünki təcavüz və işğal ilk növbədə, bu işğalın qurbanları olan qaçqınların və məcburi köçkünlərin hüquqlarını pozub".
Millət vəkili qeyd edib ki, sənəddəki növbəti mühüm məqam isə xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırışdır: "Lakin Avropa Parlamenti tərəfindən qəbul edilən bu qətnamənin ölkəmiz üçün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Avropa İttifaqı ilk dəfədir ki, dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu nəinki tanıyıb, həm də bu səyləri dəstəkləyib. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan rəhbərliyi Helsinki Aktını nəzərdə tutaraq, güc tətbiq etməyin və güc tətbiq etməklə hədələməyin yolverilməzliyi prinsipi ilə spekulyasiya edirdilər. Hesab edirəm ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu sənəd İrəvan üçün ciddi mesajdır. Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi “Qarabağ – Azərbaycandır! Nida işarəsi!” sözlərini təkrar edib".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər