Ermənistan Baş Qərargah rəisinin müavini barədə cinayət işi başlanıldı

ermenistan-bas-qerargah-reisinin-muavini-barede-cinayet-isi-baslanildi
Oxunma sayı: 1450

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Andranik Makaryanla əlaqəli olaraq cinayət işi çərçivəsində qabaqlayıcı tədbir seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.

General ölkədən çıxmamaq barədə sənəd imzalayıb. O, hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə laqeyd yanaşması nəticəsində ciddi ziyan vurmaqda ittiham olunur.

Erməni KİV orqanları yazır ki, general Dağlıq Qarabağdakı müharibə zamanı 60 əsgərin itkin düşməsi ilə nəticələnən səhlənkarlıqda ittiham olunur.

Qeyd edək ki, Baş Qərargah rəhbərinin müavininə qarşı ittiham hələ mart ayında irəli sürülmüşdü. İstintaq Komitəsi tərəfindən dindirilərkən Makaryan ərazinin orientirlərinin müəyyən edilməsində yanlışlıq baş verdiyini bildirərək əmri verməyə məcbur edildiyini iddia edib.