“Ermənistan bu cinayət əməllərinə görə cavab verəcək” - Malik Həsənov

“Ermənistan bu cinayət əməllərinə görə cavab verəcək”
Oxunma sayı: 811

“44 günlük İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsini yazdı. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, hər biri tariximizin canlı şahidi olan  abidələrimiz əsirlikdən xilas oldu" .

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Mədəni irsin məhvi xalqın özünəməxsusluğunu, keçmişini, gələcəyini şübhə altına aldığını bildirən Malik Həsənovun sözlərinə görə, ermənilərin tarixi abidələrimizi yerlə-yeksan etmələri təsadüfi xarakter daşımırdı:

"Onlar bununla tarixi yaddaşımızı silməyə çalışırdılar. Amma unudurdular ki, tarixi və dini abidələrimizi məhv  etsələr də  öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiqlədi. Möhtərəm Prezidentimiz İlham Əliyev  işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin planlı şəkildə həyata keçirilməsindən bəhs edərkən ilk olaraq  tarixi və dini abidələrimizin bərpasını, bunun üçün xarici mütəxəssislərin də cəlb ediləcəyini diqqətə çatdırır. Tarixi abidələrimiz danışsa, ermənilər faktlar qarşısında lal olarlar.  Yüzlərlə tarixi və dini abidələrimiz ermənilər tərəfindən talan edilib. Amma müharibə qanunlarına, beynəlxalq hüquq prinsiplərinə görə mədəni irsin qorunması mütləqdir. Bədnam qonşularımızın  törətdikləri vəhşiliklər beynəlxalq hüquq prinsiplərinə ziddir. Ümumiyyətlə, onların  işğal etdikləri ərazilərimizdə tarixi abidələrimizin məhv edilməsinə və saxtalaşdırılmasına xidmət edən cinayət əməlləri  bəşəriyyətə qarşı cinayətdir. Ermənistan bu əməllərinə görə cavab verəcək.” 

M.Həsənov qeyd edib ki, tarixi saxtalaşdırmaq, saxta tarix yazaraq  yalanın həqiqət üzərində qələbəsini düşünmək ermənilərə xas xüsusiyyətdir: “Tarix faktlara əsaslanır, ən əsası saxtakarlığı sevmir.  Maraqlısı budur ki, dost, qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası gündəmə gətirildikcə rəsmi Ankara tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılmasını, bütün dünya  arxivlərinin  açılmasını irəli sürəndə Ermənistan hakimiyyəti dərhal təşvişə düşərək  bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin  məşğul olduğunu  söyləməklə savadsızlıqlarını, ən əsası acizliklərini nümayiş etdirirlər. Dağlıq Qarabağı da gah  Ermənistanın ərazisi, gah  da müstəqil dövlət kimi təqdim etməklə  saxta tarix yazmaqda nə qədər “peşəkar” olduqlarını göstərirlər. Bu kimi yanlış, sərsəm bəyanatlara cavab olaraq   dövlətimizin başçısı İlham Əliyev  “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi və bunu 44 günlük Vətən müharibəsində  təsdiqlədi. İkinci Qarabağ müharibəsində  işğalçı Ermənistana verilən  dərs  200 ildə görmədikləri ən ağır zərbə oldu.”

“Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu unutmamalıyıq” söyləyən M.Həsənov vurğulayıb ki,  tarixi faktların dili ilə danışan  dövlət istər diplomatik mübarizədə, istərsə də döyüş meydanında qalib olur: “Bunu Azərbaycanın timsalında  böyük qürurla qeyd edirik.  Yeni yazılan tariximizin səhifələrini həqiqətlərimizlə zənginləşdirərək  dünyaya bir daha bu çağırışı edək ki, illərdir saxta tarix yazan ermənilərə dəstək olmaqla saxtakarlığa şərik çıxmaq, beynəlxalq hüquq normalarına zidd addım atmaq heç bir dövlətə nüfuz qazandırmadı. Həqiqətlər üzə çıxdıqca inamsızlıq, etimadsızlıq mühiti formalaşır. 44 günlük İkinci Qarabağ müharibəsi  tarixdir. Bütün bu reallıqlar yeni tariximizlə bağlı yazılacaq dərsliklərdə, kitablarda öz əksini tapacaq. Vətən  müharibəsi   Azərbaycan xalqının əyilməz ruhunun dünyaya təqdimatıdır”,  - deyə  Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsindəyik: “44 günlük Vətən müharibəsində Xocalı faciəsinin davamı olaraq  iki dəfə Gəncədə, Bərdədə, Tərtərdə və digər yaşayış məntəqələrimizdə törədilən terror aktlarına da dünyanın səssiz qalması birmənalı qarşılanmadı. İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə alması insanlıq əleyhinə yönəlmiş müharibə cinayətidir. Ermənistan bu cinayət əməllərinə görə cavab verəcək. Xocalı faciəsindən ötən 29 il hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.  Xocalı soyqırımına ilk siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib. Fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  birgə fəaliyyətləri nəticəsində həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması yönümündə qazanılan   uğurlar göz önündədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə  təbliğat işinin daha da gücləndirilməsinə böyük dəstək olub. Ümumilikdə, 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qanını yerdə qoymadı.”