“Ermənistan dəqiq mina xəritələrini verməyə məcbur edilməlidir”

ermenistan-deqiq-mina-xeritelerini-vermeye-mecbur-edilmelidir
Oxunma sayı: 932

“Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir:

“Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.

Lakin əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır.

2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər iki jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir.

Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”.