“Ermənistan İkinci Qarabağ müharibəsində aldığı dərsi unutmamalıdır”

ermenistan-ikinci-qarabag-muharibesinde-aldigi-dersi-unutmamalidir
Oxunma sayı: 1702

“Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq. Bu Qələbə, həmçinin xalqımızın yenilməzliyinin, məğrurluğunun, Vətənə, torpağa bağlılığının dünyaya təqdimatı oldu. Azərbaycan dövləti 30 ilə yaxın işğal dövründə ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 44 gündə tarix yazan Azərbaycan Ordusu 28 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi, işğala son qoydu, ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan etdi. Bəyan edildi ki, Ermənistanda revanşist qüvvələr “dəmir yumruğun” yerində olduğunu unutmasınlar”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatda əksini tapan öhdəliklər yerinə yetirilməlidir: “Belə ki, Azərbaycan hər bir öhdəliyi yerinə yetirmək üçün səylər göstərsə də Ermənistan onların icrasından yayınır, regionda dayanıqlı sülhün və təhlıükəsizliyin təmin olunmasında əsas amil olan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu bəyanatı səsləndirir ki, əgər biz 10 noyabr Bəyanatının bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik”.

Millət vəkili bildirib ki, 10 noyabr Bəyanatında yer alan müddəalardan biri Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Sənəddə bildirilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir: “Amma reallıq budur ki, Ermənistan 10 noyabr Bəyanatına zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması qəbuledilməzdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir. Baxmayaraq ki, Ermənistan daim keçmişlə yaşayır, ölkəmiz yeni səhifəni açaraq gələcəyə baxır. Nə Azərbaycan 30 illik işğal dövrünün Azərbaycanıdır, nə də dünya həmin dünyadır. Dünyanın yeni xarici siyasəti formalaşıb, əksər dünya gücləri tarixi Zəfərimizin reallıqlarını qəbul edib və fəaliyyətlərini də bu istiqamətdə qururlar”.

“Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinə cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə dəmir yumruğun yerində olduğunu nümayiş etdirdi” söyləyən Malik Həsənov onu da vurğulayıb ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürüldü. Ordumuzun həyata keçirdiyi bu əməliyyat antiterror əməliyyatıdır, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir: “Ermənistan yenə də ənənəsinə uyğun olaraq özünə haqq qazandırmaq üçün Azərbaycanı 10 noyabr Bəyanatını pozmaqda ittiham edir. Ermənistan Xarici İşlər Nazirliyinin həqiqəti ört-basdır etmək cəhdlərindən irəli gələn bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda ölkəmizi “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan XİN-ə bir daha xatırladılır ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir”.

Millət vəkili bundan sonra da istənilən terror və təxribatın qarşısının qətiyyətlə alınacağını bildirib: “Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unutmamalıdır. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyidir. Dünya gücləri Ermənistanı 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməyə məcbur etməlidirlər. 30 illik işğal dövründə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına laqeyd yanaşmanın, ədalətin, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin nəyə gətirib çıxardığı unudulmamalıdır”.