Ermənistan illərdir atəşkəsi belə imitasiya edir...

ermenistan-illerdir-ateskesi-bele-imitasiya-edir
Oxunma sayı: 2035

Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonrakı dövrdə atəşkəs rejiminin tətbiq olunması ilə bağlı bütün razılaşmalar Ermənistan tərəfindən pozulub.

“Qafqazinfo” xəbər verir ki, 1994-cü ildə Bişkek protokolu imzalandıqdan sonra Ermənistan müntəzəm qaydada atəşkəsi pozub.

Məlumdur ki, 1993-1994-cü illərdə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dörd qətnamə qəbul edib.

Reallıqda isə 30 il ərzində bu qətnamələrin heç biri yerinə yetirilməyib. Artıq Azərbaycan Ordusu bu qətnamələri döyüş meydanında özü yerinə yetirir.

Bu dövr ərzində tərəfləri danışıqlar masasına gətirmək cəhdləri fərqli səviyyələrdə edilib. Ancaq hər dəfə Ermənistanda rəhbər dəyişəndə danışıqlara yenidən başlamaq lazım gəlib.

Danışıqlar Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu tərəfindən aparılıb. Minsk Qrupu 1992-ci ilin martında Minskdə keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) konfransında yaradılıb.

İşğalçı ölkə tərəfindən pozulmuş atəşkəs faktlarının xronologiyasına nəzər salaq:

- 1991-ci ilin noyabrın 20-də Qarakənd üzərində Mi-8 helikopterinin vurulması məhz ilk atəşkəs razılaşmasının ermənilər tərəfindən pozulması faktı olub;

- İranın Xarici İşlər naziri Əli Əkbər Vilayəti vasitəçilik səylərinə 1992-ci il fevralın 25-də başladı. İran İslam Respublikası BMT-nin Təhlükəsizlik Şurası atəşkəs üçün müraciət etdi. Buna baxmayaraq 26.02.1992-ci il tarixində Xocalıda azərbaycanlıların soyqırımı törədilib;

- İran tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına 1992-ci il martın 15-də, 1992-ci il mayın 8-də də vasitəçilik etdi. Lakin 1992-ci il mayın 8-də  ermənilər Şuşanı işğal ediblər;

- 1992-ci avqustun 27-dən başlayaraq Qazaxıstan tərəflər arasında vasitəçilik etməyə cəhd göstərdi və nəticədə, 1992-ci il avqustun 28-də atəşkəs razılaşması imzalanıb.  Atəşkəs razılaşması 1992-ci il sentyabrın 1-də qüvvəyə minib, lakin bir neçə gün sonra Ermənistan tərəfindən pozulub;

- 1992-ci il sentyabrın 19-da  Rusiya tərəflər arasında atəşkəs razılaşmasına vasitəçilik etdi və atəşkəs 1992-ci il sentyabrın 25-də qüvvəyə mindi. Bu dəfə də ermənilər öz xislətinə uyğun olaraq razılaşmanı pozdular;

- 1993-cü il aprelin 8-də Rusiya tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına vasitəçilik edib və atəşkəs 1993-cü il iyunun 27-də qüvvəyə minsə də, qısa müddət sonra ermənilər tərəfindən pozulub;

- İran prezidenti Həşimi Rəfsəncaninin vasitəçiliyi ilə 1993-cü ilin oktyabrın 28-də atəşkəs razılaşması əldə olunmuşdu.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Həyat və azadlıq: Dağlıq Qarabağla Ermənistanın sabiq prezidentinin tərcümeyi-halı” kitabında yazıb: “Azərbaycanla atəşkəs anlaşmalarından həmişə öz xeyrimizə istifadə etməyə çalışmışdıq. 1993-cü ilin oktyabrında da belə oldu. Atəşin qarşılıqlı şəkildə dayandırılması ilə bağlı razılaşmadan istifadə edərək hücuma keçdik və oktyabrın 29-da Zəngilanı aldıq”;

- 1994-cü ilin mayın 12-də vasitəçilər Qarabağda atəşkəsə nail ola bildilər. Həmin dövrdə muxtar vilayətin ərazisi və ona bitişik yeddi rayon ermənilərin işğalı altında idi.

Göründüyü kimi, 1991-ci ildən 1994-cü ilə kimi atəşkəs  Ermənistan tərəfindən faktki olaraq pozulub.

Bişkek protokolundan sonra da  Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejim atəşkəsi faktiki olaraq hər gün pozublar. Belə ki, 2010-cu il iyunun 18-də Ermənistanın atəşkəsi pozması nəticəsində Ermənistan tərəfdən 4, Azərbaycan tərəfdən 1 hərbçi həlak olub.

- 2010-cu il avqustun 31-də güclü atışma, sentyabnı 4-də Ağdərədə silahlı toqquşma qeydə alınıb;

- 2012-ci il 4-8 iyunda Ermənistanla sərhəddə silahlı toqquşma nəticəsində Azərbaycan ordusu 5 şəhid verib, Ermənistan ordusunda 11 nəfər məhv edilib;

- 2014-cü ilin mayın 28-də Füzuli rayonunda atəşkəs rejimini pozan Ermənistan birləşmələri mövqelərimizə hücum ediblər. Həmin ilin noyabr ayında erməni birləşmələri mövqelərimizi iriçaplı pulemyotlardan və artilleriya qurğularından atəşə tutaraq atəşkəs rejimini pozublar.

Ən ciddi toqquşma isə 2016-cı ilin aprelində baş verib. Aprelin 2-də Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun mövqelərinə hücuma keçib. Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmən itki verərək geri çəkilib. Həmin dövrdə Azərbaycan bir sıra strateji yüksəklikləri və böyük ərazini geri qaytarıb.

2020-ci ilin iyul ayının 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhəddində növbəti dəfə təxribat törədib və Tovuz rayonundakı mövqelərimizə hücum edib.

Sentyabrın 27-dən başlayan Vətən müharibəsində də 3 dəfə faktiki olaraq humanitar atəşkəs elan olunub. Hər 3 atəşkəs də Ermənistan silahlı qüvvələri tərəfindən pozulub. Oktyabrın 10-da əldə edilmiş razılıqdan bir gün keçməmiş Ermənistan atəşkəsi kobudcasına pozdu. Həm də bu atəşkəsdə mülki əhalini namərdcəsinə hədəfə alaraq Gəncə şəhərini gecə vaxtı bombaladı. Oktyabrın 17-də yeni atəşkəs elan olunmasına baxmayaraq, iki dəqiqədən sonra razılıq Ermənistan tərəfindən pozuldu. Sonuncu dəfə oktyabrın 26-da əldə edilmiş humanitar atəşkəslə bağlı razılığa Ermənistan tərəfi əməl etmədi və Tərtər rayonuna faktiki olaraq atəş açdı. 

Göründüyü kimi, Ermənistanın hərbi təxribatları, işğalçılıq siyasəti, məqsədyönlü pozuculuq fəaliyyəti və beynəlxalq hüquqazidd əməlləri 30 ildir ki, davam etməkdədir.

Bütün bu faktlar hazırda hərbi əməliyyatların başlanmasına görə məsuliyyətin Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşdüyünü bir daha təsdiq edir.

Günel Türksoy