“Ermənistan keçmişlə yaşadığı üçün hələ də böhran içərisində çabalayır”

ermenistan-kecmisle-yasadigi-ucun-hele-de-bohran-icerisinde-cabalayir
Oxunma sayı: 752

“Azərbaycan 44 gündə bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra etdi. Tarixi ədalətin bərpası istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xarici mətbuata müsahibələrinə, beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarına, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində ünvanladığı mesajlara diqqət yetirsək görərik ki, artıq Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi səhifəsi bağlanıb, ölkəmiz gələcəklə yaşayır".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan keçmişlə yaşadığı üçün hələ də siyasi, iqtisadi böhran içərisində çabalayır: 

"İşğalçı Ermənistana və havadarlarına keçilən tarix və hüquq dərsləri Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində Qələbəsinin təqdimatı oldu. 26 iyun-Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi bəyanatlar da bugünədək ən yüksək tribunalardan bəyan edilən, heç bir zaman dəyişməyən mövqeyimizin, ölkə Prezidentinin sərkərdəlik, liderlik məharətinin nümayişidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana yeni dövrün reallıqlarına uyğun olaraq yeni şərtlərini ünvanladı: Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir".

V.Rəhimzadə qeyd edib ki, Ermənistan hakimiyyəti illərdir öz ideologiyalarını əsassız iddialar üzərində qurmuşdular. Əsrlər boyu gənc nəsil düşmənçilik ruhunda tərbiyə edilib, düşmənçilik, nifrət toxumları səpilib. Bu düşmənçiliyin hansı faciələrə səbəb olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə Ermənistan silahlı qüvvələrinin iki dəfə Gəncədə, Bərdədə və Tərtərdə törətdikləri insanlığa qarşı cinayət aktlarına diqqət yetirmək kifayətdir.

"Ermənilər və onların havadarları unudurdular ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar Birinci Qarabağ müharibəsi dövründə qalmışdı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyildi. Beynəlxalq çərçivədə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdikləri təsdiqləndi. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı. Ermənistan kapitulyasiya aktına imza atdı", - deyə V.Rəhimzadə vurğulayıb. 

O bildirib ki, 26 iyun-Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd etdik.

V.Rəhimzadə onu da qeyd edib ki, Azərbaycanın təqdim etdiyi sülh modeli ilə humanizm siyasətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir: "Azərbaycana müharibə lazım deyil. Ölkəmiz istədiyinə nail olub. Artıq Azərbaycanın həyatında yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq. Ermənistan Azərbaycanla eyni vaxtda müstəqillik qazansa da işğalçı dövlət formal müstəqilliyi ilə diqqət çəkib. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə, xüsusilə hərbi sahədə böyük inkişaf qaçılmazdır".