Ermənistan ordusunu lərzəyə salan XTQ üçün xüsusi gün

ermenistan-ordusunu-lerzeye-salan-xtq-ucun-xususi-gun
Oxunma sayı: 7557

Bu gün Vətən Müharibəsində öz cəsarətləri və qəhrəmanlıq hekayaləri ilə adları dillərdə dastan olan, erməni hərbçilərini qorxu altında saxlayan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranma günüdür.

“Qafqazinfo” xəbər verir ki, XTQ 22 il öncə, 1999-cu ilin aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində qurulub. İlk olaraq, qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Müdafiə Nazirliyinin Quru Qoşunlarının daxilindədirlər.

Hazırda Xüsusi Təyinatlı Qüvvələrə general-leytenant Hikmət Mirzəyev komandanlıq edir.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik edib. 2020-ci ilin iyununda yeni xüsusi təyinatlı birlik yaradılıb. Şüarı “Sədaqətim Şərəfimdir!” olan xüsusi təyinatlı qüvvələrinin üzvlərinin sayı gizli saxlanılır.

Daha sonra Azərbaycan ərazisində keçirilən Azərbaycan-Türkiyə genişmiqyaslı təlimlərində ilk mərhələdə Azərbaycan XTQ bölmələri də iştirak edib.

XTQ üzvlərinin vəzifələri Antiterror, Antipartizan, Xüsusi kəşfiyyat, Birbaşa əməliyyat, Qeyri-ənənəvi müharibə, Girov qurtarma və Hərbi yardımdan ibarətdir.

Vətən Müharibəsi, yəni İkinci Qarabağ müharibəsi zamanı Prezident İlham Əliyev Cəbrayıl şəhər və ətrafdakı 9 kəndi işğaldan azad edilməsi münasibətilə Hikmət Mirzəyevə zəng edərək Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinə təbriklərini çatdırıb.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı heç bir dağıntı olmadan düşmən işğalından azad etmək üçün XTQ bölmələri ordunun digər birlikləri ilə birgə noyabrın 5-də Şuşa istiqamətində piyada yola çıxıblar. Xüsusi təyinatlı qüvvələrin mənsubları noyabrın 6-da Şuşa uğrunda döyüşlərə başlayıblar. Mədəniyyət paytaxtını əhatə edən sıldırım qayalarla möcüzə göstərərək dırmaşıb şəhərə daxil olan xüsusi təyinatlılar küçə döyüşləri ilə şəhərdəki düşmənləri məhv edərək Şuşanı Azərbaycana qaytarıblar.

Noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik edib. 

Komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı- ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. 

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

General-mayor Zaur Məmmədov isə qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirən döyüş bayraqdarları qrupuna başçılıq edib.

Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilir.

Xüsusi təyinatlı qüvvələrin üzvü seçilmək də hər hərbçiyə qismət olmur. XTQ mənsubu olmaq üçün ağır təlimlərdən və hərbi imtahanlardan uğurla çıxmaq şərtdir. Hərbi akademiyada təhsil alan 500 namizəddən yalnız 30-u "Maroon beret" sertifikatı qazanır. Namizədlərə günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər.

Döyüş tapşırığını yerinə yetirərkən ac qalmamaq üçün qurbağa və ilan kimi tapdıqları hər şeyi yeməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Zabitlər gizir rütbəsi altında fəaliyyət göstərirlər.

XTQ üzvləri adətən Zafer P, Inam, Glock 19, Heckler&Koch MP5, “MI Uzi”, “Aztex AR-15”, M4, M16, Heckler & Koch G36, SIG SG 550, IWI Tavor X95, IMI Tavor TAR-21, MPT-76 silahları ilə təchiz olunurlar.

Xüsusi Təyinatlı Qüvvələrin hər bir üzvü öz qəhrəmanlığı, canı, qanı hesabına tarix yazıb. Onların kimliyi gizli saxlanıldığı üçün yalnız bir neçə XTQ zabiti ictimaiyyətə tanışdır. Onlar komandan Hikmət Mirzəyev, Pənahəli xanın nəslindən olan general-mayor Zaur Məmmədov və şəhidlər – polkovnik-leytenant Murad Mirzəyevlə mayor Samid İmanovdur. Özünə şəhidlik arzulayan gizir Pəncəli Teymurov da XTQ-nin cəsur, sevilən və tanınan üzvlərindən biridir. O, Murad Mirzəyev və Samid İmanovla birgə "Aprel döyüşləri"ndə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

M.Mirzəyev və S.İmanov da “Aprel döyüşləri”ndə Talış kəndini düşməndən azad etdikdən sonra davam edən döyüşlərdə şəhid olublar. Hər ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Murad Əhməd