Ermənistan polisinin rəisi Paşinyanla mübahisədən sonra istefa verdi

ermenistan-polisinin-reisi-pasinyanla-mubahiseden-sonra-istefa-verdi
Oxunma sayı: 3055

Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan istefa verib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, o, Baş Nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə etdikdən sonra ona istefa ərizəsini təqdim edib.

Bildirilir ki, ötən gün Təhlükəsizlik Şurasının iclası keçirilib və orada bir sıra daxili siyasi məsələlər, o cümlədən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası, həmçinin, Amulsaran qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması müzakirə edilib.

Məlumata görə, Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan yolun açılmasına dair əməliyyatın asan keçəcəyinə inanmadığını və fəallara qarşı güc tətbiq etməyin müəyyən fəsadlar doğuracağını bildirib.

“Baş Nazir isə bəyan edib ki, əgər polis rəisi bu işin öhdəsindən gələ bilmirsə, əməliyyatı polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Hansı ki, Kazaryanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir.

Qızğın atmosferdəki söhbət Osipyanın istefa məktubu təqdim etməsinə səbəb olub. Müvafiq sərəncam bu gün yayımlanacaq”, -deyə KİV bildirir.

Xatırladaq ki, sentyabrın 16-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoyub. Onun vəzifəsindən getməsi ölkədə ziddiyyətli fikir və ittihamlara səbəb olub.

Yerli KİV yazır ki, A. Vanetsyan və V. Osipyandan sonra Müdafiə naziri David Tonoyan da istefaya gedəcək.