“Qafqazinfo” xəbər verir ki, fevral 26-da Polşanın paytaxtı Varşava şəhərində Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu və Dünya Azərbaycanlıları Konqresi Polşa Nümayəndəliyinin birgə təşkilatçılığı və Polşada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə baş tutan aksiyada 40-a yaxın adam iştirak edib.
Ermənistan səfirliyinə girişi bağlayan etirazçılar dörd dildə - Azərbaycan, rus, ingilis və polyak dillərində şüarlar səsləndirib, Xocalı soyqırımının tanıdılması ilə bağlı çağırışlar edərək işğalçı Ermənistan hakimiyyətini ifşa edən bəyanat yayıblar. İştirakçılar Xocalı soyqırımı barədə danışıb, Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyanın qanun qarşısında cavab verməli olduqlarını bildirib və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanımasını tələb edib. Bir saat davam edən aksiya insidentsiz başa çatıb, təşkilatçılar aksiyanın qətnaməsini səfirliyə təqdim edib və sonda Azərbaycanın Dövlət Himnini səsləndiriblər.