“Ermənistan terrorçuları könüllü adıyla Qarabağa toplamağa çalışır”

ermenistan-terrorculari-konullu-adiyla-qarabaga-toplamaga-calisir
Oxunma sayı: 1113

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb:

“Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır. Rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyasəti səviyyəsinə yüksəldib.

Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik. Əks-halda Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi, ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcək".