“Ermənistan vasitəsilə Naxçıvana maneəsiz çıxış əldə edəcəyik”

ermenistan-vasitesile-naxcivana-maneesiz-cixis-elde-edeceyik
Oxunma sayı: 2847

“Hazırda biz hər şeyin dağıdıldığı işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasının fəal mərhələsindəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, orada üç beynəlxalq hava limanı inşa ediləcək:

“Birincisi - Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi - Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq”.

İ.Əliyev əlavə edib ki, biz, həmçinin, Xəzər regionunda ən böyük dəniz donanmasına malikik:

“Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Biz bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını etdik. Bu, bizim logistik və nəqliyyat şəbəkəmizin ən mühüm elementlərindən biridir.

Müasir magistral yollar - yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir.

Bu, həqiqətən də, onu göstərir ki, biz infrastruktura böyük sərmayə yatırmışıq. Əlbəttə ki, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək”.