“Ermənistana itirdiklərini bərpa etməyə 25 il lazım olacaq”

“Ermənistana itirdiklərini bərpa etməyə 25 il lazım olacaq”
Oxunma sayı: 1769

İqtisadi İslahatların Təhlili Mərkəzi bu gün brifinq keçirərək Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün keçirdiyi hərbi əməliyyatlar zamanı Ermənistanın məhv edilən hərbi tenxikaları ilə bağlı statistik məlumatları açıqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Mərkəzin hesabatını sədr Vüsal Qasımlı elan edib. O bildirib ki, bu günədək Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçib: “Cəmi bir ay ərzində Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir. Ancaq 716 milyon dollar civarında hərbi büdcəsi olan ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz. Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olacaq”.

O bildirib ki, 2020-ci il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 milyard ABŞ dollarını ötüb. Belə ki, bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb.

Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilib. 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, bir “TOS” sistemi məhv edilib. Eyni zamanda 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, bir ”KRUQ”, 2 “S-125” zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilib. Həmçinin, 6 “S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir “Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilib. Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb.

Qeyd edək ki, bu tam siyahı deyil, yaxınlarda Ermənistanın hərbi texnika və sursat itkisi barədə əlavə məlumat veriləcəkdir. Məhv edilən hərbi texnikanın içərisində Ermənistanın iqtisadi gücünün əldə etməyə heç bir imkan vermədiyi dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunan ballistik “Elbrus” raket sistemlərinə qədər çoxnövlü silah arsenalına rast gəlinməsi Ermənistanın ötən 30 il ərzində qanunsuz silahlandırılmasına da aydınlıq gətirib.

Murad Əhməd