Ermənistanda 15 hərbçinin ölümünə görə mayor saxlanıldı

ermenistanda-15-herbcinin-olumune-gore-mayor-saxlanildi
Oxunma sayı: 1363

Ermənistanın Basarkeçər rayonunda yerləşən hərbi hissədə baş verən yanğına görə daha bir yüksəkrütbəli şəxs saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Məlumata görə, prokurorluq yanvarın 30-u “N” saylı hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi mayor M.S. barəsində cinayət işi başladıb. Mayor vəzifə öhdəliklərinə qarşı səhlənkar yanaşmaqda ittiham olunur. O, bu gün saxlanılıb.

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb. İnsidentlə bağlı araşdırma davam etdirilir.

Hadisədən sonra 5 yüksəkrütbəli hərbçi vəzifəsindən azad edilib. Yanvarın 26-sı hərbi hissənin maddi-texniki təminat üzrə rəisi polkovnik-leytenant Qor Agekyan sözügedən insidentlə bağlı saxlanılıb.