Ermənistanda iri silah ticarətçisinə qarşı cinayət işi başlanıldı

Ermənistanda iri silah ticarətçisinə qarşı cinayət işi başlanıldı
Oxunma sayı: 1867

Ermənistan Milli Təhlükəsizlik Xidmətində iş adamı David Qalstyana qarşı bir neçə cinayət işi başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Qalstyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətin sahibidir. Onunla əlaqəli strukturlar Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir. Bundan əlavə o, İrəvanda “Kalaşnikov” avtomatlarının yığılması ilə məşğul olan “Neutron” QHT-nın da sahibidir.

Təhlükəsizlik şöbəsinin mətbuat xidmətinin “Civilnet”ə verdiyi məlumata görə, Qalstyan Müdafiə Nazirliyinin bir qrup məmuru ilə birlikdə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu vəsaitlərin müdafiə satınalmaları üçün nəzərdə tutulduğu bildirilib.

Ümumilikdə, Müdafiə Nazirliyi və Baş Qərargah rəsmiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmət səhlənkarlığı və xüsusilə böyük miqdarda vəsait mənimsənilməsi ilə bağlı dörd cinayət işi başladılıb.

Milli Təhlükəsizlik Xidməti Qalstyanın ölkədən çıxışına qadağa qoyulub-qoyulmadığına dair sualı cavablandırmaqdan imtina edərək bunun istintaq sirri olduğunu bildirib.