“Ermənistandan da biz müsbət xəbərlər alırıq”

ermenistandan-da-biz-musbet-xeberler-aliriq
Oxunma sayı: 2094

“Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət alıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Regional əməkdaşlıq üçün ümidverici 3+3 əməkdaşlıq platformasının yaradıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik”.

Prezident diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. “Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.

Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”, - deyə dövlət başçısı əlavə edib.