“Ermənistanın bu cinayəti üç ailənin azyaşlı uşaqlarını atasız qoydu”

ermenistanin-bu-cinayeti-uc-ailenin-azyasli-usaqlarini-atasiz-qoydu
Oxunma sayı: 2691

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: “Aqressiya Qurbanı olan Günahsız Uşaqlar Gününün qeyd olunduğu iyunun 4-də azərbaycanlı uşaqlar növbəti dəfə erməni terrorundan zərər çəkdilər. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsinin bitməsinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri davam edir.

İşğaldan azad olunmuş torpaqlarımızda çəkiliş aparan Azərbaycan Televiziyasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşlarının, həmçinin bir dövlət qurumu nümayəndəsinin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həyatlarını itirməsi, nəqliyyat vasitəsində olan digər dörd nəfərin isə ağır xəsarətlər alması ilə nəticələnən növbəti cinayət hadisəsi baş verib.

Nəticədə daha üç ailənin azyaşlı uşaqları atasız qalıb, ata nəvazişindən və qayğısından məhrum olub.

Bütün aidiyyəti beynəlxalq təşkilatları və bütövlükdə dünya birliyini BMT-nin Uşaq Hüquqları Konvensiyasını, eləcə də Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq, insan həyatına qəsd etməkdə davam edən erməni hərbi siyasi hakimiyyətini sərt şəkildə qınamağa, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların xəritələrinin Azərbaycana verilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.