“Ermənistanla Azərbaycan arasında atışmalar davam edəcək” - Türkiyə XİN

ermenistanla-azerbaycan-arasinda-atismalar-davam-edecek
Oxunma sayı: 6517

“Ermənistanın Azərbaycana qarşı təxribatını qınayır, erməni hökumətini atəşkəsə əməl etməyə və müharibəyə tez bir zamanda son qoymağa çağırırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, Ermənistan tərəfi aprelin 2-nə keçən gecə cəbhədə Azərbaycana qarşı intensiv atəşə başlayıb, hadisə nəticəsində həyatını itirən və yaralanan insanlar var: “Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara isə şəfa diləyirik. Ermənistanı atəşkəsə riayət etməyə və atışmaya son qoymağa çağırırıq”.

Türkiyə XİN-i yazılı açıqlamada Azərbaycanın torpaqlarının 1/5-nin təxminən 25 ildir ki, Ermənistan tərəfindən işğal altında saxlandığı da ifadə olunub: “Bu işğala son qoyulmalı və Ermənistan təcavüzkar siyasətindən əl çəkməlidir. Yoxsa bu cür atışmalar davam edəcək. Bu baxımdan Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qərarlarına əməl edərək sülh yolu ilə Azərbaycan torpaqlarını geri qaytarmalı olduğunu bir daha xatırladırıq”.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova zəng edərək şəhid olan əsgərlərə görə başsağlığı verib.