Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb

ermenistanla-serhedde-yeni-herbi-hisse-fealiyyete-baslayib
Oxunma sayı: 2262

Aprel ayının 20-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

DSX-dən “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış edərək DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərinin etibarlı mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrası üçün böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Sonra tədbir iştirakçıları hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub.

İkimərtəbəli binada yerləşən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və digər texniki vasitələrə baxış keçirilib.

Hərbi hissəyə su və elektrik xətləri çəkilib, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün ehtiyat generator qurğusu yerləşdirilib, istilik təchizatı üçün qazanxana tikilib. Hərbi hissənin ərazidaxili yoluna asfalt salınıb.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunub.