“Əsas məqsədim insanların mənafelərini qorumaq olacaq” - Hadı Cəfərov

esas-meqsedim-insanlarin-menafelerini-qorumaq-olacaq
Oxunma sayı: 3020

55 saylı Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Hadı Cəfərov müsahibə verib. "Qafqazinfo" həmin müsahibəni təqdim edir

- Hansı səbəblərdən seçkidə iştirak etmək qərarına gəldiniz?

- Hər şeydən əvvəl məni növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak etməyə sövq edən başlıca səbəb ölkədə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara olan inamımdır. Xüsusi ilə nəzərə almaq lazımdır ki, hökümət bu islahatlarda gənclərin intellektindən və potensialından maksimum istifadə etmək niyyətini açıq şəkildə ortaya qoyub. Prezident İlham Əliyevin ötən il dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin istifadəyə verilməsi zamanı nitqini xatırlayaq. Cənab prezidentin “Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır” ifadələri əslində gənclərə verilən yüksək qiymətlə yanaşı, onlara müstəqil Azərbaycanın gənclərinin üzərinə düşən məsuliyyəti də xatırladır. Dövlətimizin başçısının qeyd etdiyi kimi aparılan islahatlarda istər prezident administrasiyasının, istərsə də nazirlər kabinetinin formalaşmasında savadlı, müasir dünyagörüşlü gənclər cəlb olunub. Eyni dəyişikliyi biz parlamentdə də görmək istəyiriksə, təşəbbüs məhz biz gənclərdən gəlməlidir. Təsadüfi deyil ki, cənab prezident növbədənkənar parlament seçkilərində gənclərin fəal olacağından ümidvar olduğunu ifadə etdi. Bu, mən və mənim kimi gənclər üçün aparılan islahatların bir parçası olmaq, ona töhfə vermək, ümumi mənada isə xalqımıza və dövlətmizə xidmət etmək üçün fürsətdir. Təbii ki, hər bir vətənpərvər gənc çalışdığı sahədən asılı olmayaraq, öz fəaliyyəti ilə xalqımıza xidmət edə bilər. Mən isə məhz millət vəkili kimi dövlətimizə və xalqımıza, o cümlədən də təmsil etdiyim dairənin seçicilərinə-təbii ki, əgər seçilərəmsə - daha faydalı olacağıma inanıram. Yeri gəlmişkən ölkədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələrinə inam vətəndaşlarımızda da var. Mən bunu imzatoplama mərhələsində insanlarla ünsiyyətim zamanı da müşahidə etdim və bir daha əmin oldum ki, əslində həmin insanlarla həmfikirik. Sadəcə olaraq inandığımız gözəl gələcəyin reallaşmasını gözləmək əvəzinə ona dəstək olmaq, bu prosesi sürətləndirmək lazımdır. Seçici üçün bunun yolu seçkilərdə aktiv olmaq, layiq gördükləri namizədə səs verməkdən keçir. Bir namizəd kimi mən isə bu prosesin bir parçası olmaq və seçicilərin xidmətində olmaq üçün ilk növbədə məhz onların etimadını qazanmalıyam.

- Ötən 5 il üçün parlamentin işini necə qiymətləndirirsiz?

- Bilirsiz, parlamentin 5 illik fəaliyyətini qiymətləndirərkən müsbət, yaxud mənfi fikirlərimizi heç də bütün deputatlara şamil etməməliyik. Parlamentin fəaliyyəti dövründə ölkənin qanunvercilik bazasının formalaşdırılmasında kifayət qədər ciddi işlər görülüb. Amma mən daha çox deputatların öz seçki dairəsi ilə necə işləməsi üzərində dayanmaq istəyirəm. Təsadüfi deyil ki, dövlətimizin başçısı da öz müsahibəsində bu məqama toxunmuşdu ki, bəzi  deputatlar öz seçicilərini seçkidən seçkiyə görür. Yəni onların seçiciyə ehtiyacı olanda seçicilərini yada salır. Halbuki bu, tam əksinə olmalıdır. Millət vəkili olduğun müddətdə seçicilərinin daimi yanında olmalısan ki, növbəti seçkilərdə də onların səsini istəməyə özündə mənəvi haqq hesab edəsən. Təsəvvür edin 5 illik, hətta daha çox deputatlıq fəaliyyəti dövründə bir dəfə də olsun o kürsüdə çıxış etməyən millət vəkilləri var. Nəinki təmsil etdiyi rayonla bağlı məsələləri qaldırmayan, heç cari məsələlərə də münasibət bildirməyən deputatlar var. Bəziləri hesab edir ki, deputat kimi onun fəaliyyəti Azərbaycanın inkişafını, əldə edilən uğurları təqdir etməkdən ibarətdir. Təbii ki, bunları dilə gətirmək lazımdır. Amma deputat heç bir halda hökümətin gördüyü işlərin kölgəsinə sığınmamalıdır. Əldə olunmuş nailiyyətlərdə, bir az da konkretləşdirsək onun dairəsində görülən işlərdə, həll olunan problemdə deputatın rolu nədən ibarət olub? Hansı problem, hansı deputatın məsələyə müdaxiləsindən sonra həllini tapıb? Bunlara baxmaq lazımdır. Mən düşünürəm ki, bu seçkilərdə vətəndaşlar öz seçimlərini edəndə məhz bu meyarları əsas götürəcək.

- Sizcə 2020-2025-ci il parlamenti  necə olacaq? Siz necə görmək istəyirsiniz?

-Əvvəlki sualınıza verdiyim cavabdakı fikirləri bir qədər də inkişaf etdirmək istəyirəm. Bu suala cavab vermək üçün ilk növbədə mövcud parlamentin buraxılma səbəblərinə nəzər salmaq lazımdır. Yəni ictimaiyyətin yeni parlamentdən gözləntisi və tələbi də bu səbəblər əsasında formalaşır. Hesab edirəm ki,  hakimiyyətin bir qolu kimi parlamentin öz nüfuzunu yüksəltməsinə ehtiyac var. Bu isə ilk növbədə parlamentdə qaldırılan məsələlərin həlli ilə mümkündür. Fərqi yoxdur,bu hansısa dairə, rayon, yoxsa ümumən respublika ilə bağlı məsələdir. Həllini gözləyən məsələlərin, problemlərin dilə gətirilməli olduğu ilk yer məhz parlament olmalıdır. Bunu həm də bizim inkişafımızın hazırkı mərhələsi tələb edir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra təxminən 27 illik dövrdə keçdiyimiz inkişaf yolu göz qabağındadır. Prezident cənab İlham Əliyevin rəhbərliyində artan inkişaf tempi davam edib. Son iki ildə həyata keçirilən islahatlar inkişafın tamamilə yeni bir mərhələdə olmasını göstərir. Parlament, o cümlədən hər bir deputat inkişafın bir parçası olmalıdır. Yəni əslində bu deputatlar üçün bir yarış olmalıdır ki, təmsil etdiyi rayon bu inkişafda daha da önə çıxsın. Bu isə rayonun problemlərini gündəmə gətirmək, onun həlli üçün təkliflər irəli sürmək, bütün imkanlarını buna səfərbər etməklə mümkündür.Mən növbəti parlamentdə seçicilərin etimadının məsuliyyətini dərk edən, aktiv, yenilikçi və  təşəbbüskar millət vəkillərinin çoxluq təşkil etməsini gözləyirəm. Etimad qazanaramsa, özüm də sadaladığım  keyfiyyətlərin daşıyıcısı olacağam.

- Namizədi olduğunuz regionun hazırkı vəziyyəti haqqında nə danışardınız?

- Qeyd edim ki, Xaçmaz coğrafi mövqeyi, əlverişli iqlimi və mövcud resursları baxımından ən böyük inkişaf potensialı olan rayonlarımızdan biridir. Ən əsası bu potensialı reallaşdırmaq üçün insan resursları da var. Təkcə turizm potensialına mən xüsusi diqqət çəkmək istəyirəm. 70 kilometrlik dəniz sahili olan rayon bu gün yalnız Nabranla xatırlanmamalıdır. Digər tərəfdən Xaçmaz əhalisi etnik mənsubiyyət baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridi. Burada fərqli dini etiqadları olan 22 etnik qrup yaşayır. Yəni kiçik bir multukulturalizm və tolerantlıq  mücəssiməsidir. Hər etnik qrup ayrı bir mədəniyyət deməkdir. Bu rəngarənglik turizm üçün əvəzsiz bir fürsətdir və hesab edirəm ki, bunu dəyərləndirmək lazımdır. Onu da demək istəyirəm ki, mən Xaçmazın mövcud potensialından istifadə edəcəyindən də ümidliyəm. Hamımızın xatırladığı kimi ölkədəki kadr islahatlarının əhatə dairəsinə düşən ilk rayonlardan biri məhz Xaçmaz oldu. Hətta yeni təyin olunmuş icra başçısını cənab prezident qəbul edərək tapşırıq və tövsiyələrini verdi. Məncə bu dəyişiklik Xaçmazdan seçilən millət vəkilləri üçün də müsbətdir. Yeniliklərə açıq, müasir yanaşması olan məmurların millət vəkilləri tərəfindən qaldırılan məsələlərə reaksiyası da müsbət olar. Hər halda mən buna inanıram və ümid edirəm.

- Parlamentdə özünüzü necə görürsünüz?

- İlk növbədə deputat mandatı almış şəxs hər addımında təmsil etdiyi insanların ona olan etimadını doğrultmağa çalışmalıdır. Bu məsuliyyəti daim üzərində hiss etmək həmin etimadı doğrultmağın əsas şərtidir. Əgər seçicilər mənə etimad göstərərsə, mənim parlamentdə əsas işim məhz onların mənafelərini qorumaq, problemlərinin həllinə kömək etmək olacaq. İnsanların verdiyi səslə o mandatı alan şəxs məhz həmin ali kürsüdə ona etimad göstərənlərin səsi olmalıdır.

Digər istiqamət isə parlamentin ümumi işi ilə bağlıdır. Bir iqtisadçı kimi hesab edirəm ki, bu sahədə Azərbaycanda qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac var. Bütün bilik və bacarıqlarımdan bu istiqamətdə istifadə etməyə hazıram.

- İmza topladığınız mərhələlərdə ən çox hansı problemlərlə sizə müraciət olundu?

- Qaldırılan məsələlər müxtəlif sahələri əhatə edir. Burada sosial problemlər çoxluq təşkil edir.Təbii ki fərdi məsələlər də var. Amma ümumiləşdirsək, ilk növbədə məşğulluqla bağlı ciddi addımların atılmasına ehtiyac var. Xüsusi ilə də gənclərin məşğulluğu diqqət mərkəzində olmalıdır. Bunun üçün Xaçmazın sahib olduğu imkanlardan istifadə etmək lazımdır. Digər məsələ gənclərin asudə vaxtının səmərəli istifadəsi ilə bağlıdır. Rayonda idman məktəblərinin, dərnəklərinin sayının artırılmasına ciddi ehtiyac var.

- Siz dairənizdə özünüzə rəqib kimi görürsünüz? Yəni şanslarınız necədir?

- Təbii ki, rəqiblərimin hər biri ilə bağlı məlumatlıyam. Amma onlardan hansınınsa əsas rəqib kimi adını çəkmək hesab edirəm ki, qeyri-etik və digərlərinə qarşı hörmətsizlik olardı. Əsas mübarizənin kimlər arasında gedəcəyini qarşıdakı təşviqat müddəti göstərəcək. Yerigəlmişkən, mən bütün namizədləri mövcud olan münbit seçki mühitindən etik çərçivələrdə istifadə etməyə çağırıram. Öz platformalarımızı seçicilərimizə çatdırmaq üçün yetərli resurslarımız və kifayət qədər vaxtımız var. Aramızdakı rəqabətin sağlam məcrada getməsi isə birbaşa namizədlərin siyasi etikası ilə bağlı məsələdir. Ümidvaram ki, biz öz seçki dairəmizdə buna riayət edərik. O ki qaldı seçilmək şansımla bağlı sualınızın ikinci hissəsinə, demək istəyirəm ki, platformama, komandama və özümə inanıram. İmzatoplama kampaniyası zamanı insanların seçkidən gözləntilərini gördükdən sonra bu inamım daha da möhkəmlənib.

- Seçkidə əsas şüarınız nə olacaq?

- Bizim əsas məqsədimiz ölkəmizdə gedən böyük quruculuq işlərində,əldə olunan inkişafda Xaçmazın daha çox payının və töhfəsinin olmasıdır. Bu, bütün sahələrə aiddir. Ona görədə bizim əsas şüarımız belədir: “Daha yaxşı Xaçmaz üçün”

- Millət vəkili olmaq istəyirsiniz, yoxsa millətin vəkili?

- Əslində  “Millət vəkili” ifadəsini layiq olduğu statusa və nüfuza qaldırmaq lazımdır.  Bunu isə həmin ada layiq görülmüş adamlar etməlidir. Məhz bu zaman “millət vəkili”  ilə “millətin vəkili” eyni mənanı ifadə edəcək. Milli məclisə seçilən hər bir şəxs məhz buna çalışmalıdır.