Rusiyanın Baş naziri Mixail Mişustin və Azərbaycanın Baş naziri Əli Əsədov cümə axşamı günü Moskvada danışıqlar aparacaqlar. Daha sonra iki ölkə arasında əməkdaşlığın inkişafına dair bir sıra sənədlərin imzalanması gözlənilir.
Bu barədə “Qafqazinfo” Rusiya Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir.
“Hökumət başçılarının Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və nəqliyyat, sənaye, energetika və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsini müzakirə etmələri planlaşdırılır”, - məlumatda deyilir.
Rusiya hökumətində qeyd ediblər ki, görüşdə koronavirus infeksiyası ilə mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.
“Mixail Mişustin və Əli Əsədovun danışıqlarının yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına dair birgə sənədlərin imzalanması gözlənilir”, - Mətbuat xidmətində əlavə ediblər.
Xatırladaq ki, Ə.Əsədov çərşənbə günü Rusiyaya rəsmi səfərə gedib. Bu, onun Mişustinlə ilk tet-a-tet görüşü olacaq. Buna qədər onlar dəfələrlə telefonla danışıb və MDB Hökumət Başçıları Şurasının iclaslarında videobağlantı vasitəsilə iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər