“Əsgərlərimizi Səudiyyə neftini qorumaq üçün təhlükəyə atırıq”

esgerlerimizi-seudiyye-neftini-qorumaq-ucun-tehlukeye-atiriq
Oxunma sayı: 1976

ABŞ-ın Respublikaçı senatoru Kevin Kramer Səudiyyə Ərəbistanı rəhbərliyinin Amerikaya neft müharibəsi açdığını bildirərək Prezident Donald Trampdan sözügedən ölkədəki ABŞ əsgərləri və Patriot hava hücumundan müdafiə sistemlərinin geri çağırılmasını tələb edib.

“Qafqazinfo” xəbər verir ki, Kramer ABŞ-ın “NPR” radio kanalına verdiyi müsahibəsində Səudiyyə Ərəbistanı  ilə mövcud gərginlik mövzusuna toxunub. Koronavirus pandemiyası fonunda tələbin azalması səbəbindən ABŞ neft şirkətlərinin çətin bir dövrə girdiyini ifadə edən Kramer “Hələ də böyük tədarük problemində payı olan Səudiyyə Ərəbistanının Amerika bazarlarına asanlıqla girməsinə icazə veririk”,- deyə qeyd edib.

O, Səudiyyə Ərəbistanının ABŞ-a göndərdiyi xam neftə gömrük rüsumu tətbiq etmək təklifini dəstəklədiyini söyləyib. Bundan əlavə Trampdan Səudiyyə Ərəbistanındakı Amerika qoşunları və Patriot hava hücumundan müdafiə sistemlərinin geri çağırılmasını tələb etdiyini bildirib:

“Səudiyyə Ərəbistanının bizim neftimizə müharibə elan etdiyi bir dövrdə Səudiyyə neftini qorumaq üçün təhlükəyə atdığımız 2 500 əsgərimizi və hava hücumundan müdafiə sistemlərini niyə orada saxlamalıyıq?",- deyə Kramer sözlərinə əlavə edib.

Qeyd edək ki, ABŞ tərəfindən Səudiyyə Ərəbistanına neft sənayəsini qorumaq üçün 3000-ə yaxın ABŞ əsgəri və Patriot hava hücumundan müdafiə sistemləri yerləşdirilib.