“Əsirlərə işgəncə verilməsi ilə bağlı istintaq davam etdirilir” - Hərbi prokuror

esirlere-isgence-verilmesi-ile-bagli-istintaq-davam-etdirilir-
Oxunma sayı: 2343

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ötən il görülən işlər barədə hesabat verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, X.Vəliyev bildirib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 59 faizi təmin olunub: “Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 186 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1768 müraciətinə baxılıb, 935 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2920 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2239 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Hərbi prokuror ədliyyə general – leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 12 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib, Azərbaycan Respublikası Baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 7 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 44 əməkdaş həvəsləndirilib, 49 işçi müxtəlif medallarla təltif olunub, 72 əməkdaşa rütbələr verilib. Hesabat dövründə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.

Murad Əhməd