Dövlət başçısı hər hansı sosial problemin vaxtında həll edilməsini istər ictimaiyyətin nümayəndələri ilə görüşdə, istərsə də Nazirlər Kabinetinin ilin yekunlarına həsr edilən müşavirələrində dəfələrlə qaldırıb. Məmurlara göstəriş verib ki, öz işlərinə məsuliyyətlə yanaşsınlar, kiçik problemin böyüməsinə imkan verməsinlər.
Beləliklə, bizdə də sosial problemlər var. Çalışırıq ki, olmasın. Olsa da, cüzi xarakter daşısın.
Bizim ölkədə öz işlərinə don geyindirənlər həmişə olub, olacaq da. Söhbət təkcə hər hansı sahəyə cavabdehlik daşıyan vəzifə sahiblərindən getmir. Elə adi peşə sahibləri də, işi-gücü olmayan evdar qadınlar bəzən nəyəsə don geyindirirlər. Amma adi vətəndaşların don geyindirməsini haradasa bağışlamaq olar, çünki elə də böyük əhəmiyyət kəsb etmir. Vəzifə sahiblərinə gəlincə burada kifayət qədər düşünsələr yaxşı olar. Yazını adi adamın don geyindirməsindən başlamağı qərara aldım.
Neçə il bundan əvvəl bir nəfər anasını öldürmüşdü. Anasının 78 yaşı vardı. Müstəntiq ilkin ifadəni almışdı. Məlum olmuşdu ki, anası təqaüdünü alıb evə qayıdandan sonra narkotikadan istifadə edən oğlunun damarı qaşınıb və həmin pulu tələb edib. Anası verməyəndə oğlu onu döşəmədə sürüyüb, sonra ağbirçək anasını öldürüb. Bizə müsahibə zamanı isə anasını öldürən “oğul” başqa söz dedi:
-Ananızı niyə öldürmüsünüz?
-Son vaxtlar anamdan şübhələnmişdim. Onu namus üstündə öldürdüm.
Təsəvvür edin, 78 yaşlı anasından şübhələnibmiş. Məsələ burasında idi ki, cinayətkar anasını öldürməsinə belə don geyindirirdi. Bununla məhkəmədə daha yüngül maddələrlə həbsxanaya yollanacağına ümid edirdi. Danışdığı isə rəzalətdən başqa bir şey deyildi.
Bakının metrostansiyalarının bəzilərində eskalatorların heç də hamısı işləmir. Məsələn, metronun “Elmlər Akademiyası” stansiyasında bəzən səhər saat 9-dan sonra minlərlə sərnişin bir eskalatora doluşub yuxarı qalxır. Və bu da böyük kütlə yaradır, istidən adamın bağrı çatlayır, vaxt itkisinə yol verilir. Nəzərə alsaq ki, adışəkilən metrostansiyanın yaxınlığında universitetlər, Azərbaycan Milli Elmlər Akademisyasının institutları fəaliyyət göstərir, onda vəziyyətin necəliyini anlamaq olar. Mən adi vətəndaşam, sözügedən quruma qərəzim də yoxdur, hiss olunur ki, son vaxtlar bəzi irəliləyişlər də əldə edilib, amma rahatlıq istəyirəm. Metro təkcə adamların bir ünvandan digərinə çatdırılması deyil. Axı, rahatlıq da vacib şərtdir. Dünya yaranandan bütün işlərin kökündə adamların rahatlığı dayanır, başqa heç nə. Köhnə vaqonlardakı hava çatışmazlığına ona görə dözürük ki, alınan kondinsionerli qatarların ardının da gətirilməsinə ümid edirik.
Yeri gəlmişkən, neçə illər bundan əvvəl (Tağı Əhmədovun dövründə -müəl.) jurnalist metropoliten səlahiyyətlilərindən birinə sual vermişdi ki, “niyə “Bakımetropoliten” idarəsi yalnız Rusiyadan qatarlar alır?”. O da demişdi ki, “mövcud relslər Avropa standartlarına cavab vermir, o üzdən Rusiya qatarlarını alırıq. Avropa qatarlarını ala bilmirik”. Amma Fransanın kondinsionerli qatarlarının alınıb gətirilməsindən sonra məlum oldu ki, burada relslərin standartlara cavab verməməsi boş söhbətdən başqa bir şey deyilmiş. Bu neçə illər ərzində məgər bütün relslər sökülüb yeniləri ilə əvəz olundu ki, Avropa qatarları indi belədən-beləyə, elədən-eləyə şütüyür? Eskaltorlara gəlincə, bilirəm indi açıqlama veriləcək ki, “biz eskalatoru qrafik əsasında işlədirik, yaxud, birini ehtiyatda saxlayırıq ki, xarab olanda növbətisinə keçək”. Başa düşdüm. Bəs, dünyanın eskalator istehsal edən zavodlarının yeni məhsullarından niyə alınıb metromuzda quraşdırılmasın ki? Son illər həm elektrik enerjisinə qənaət edən, həm də illərlə təhlükəsiz qaydada işləyən möhkəm eskalatorlar istehsal olunur. Özü də Bakının keçidlərində qoyulan eskalatorlardan niyə də metroya alınıb qoyulmasın?! O qurğular yalnız adam minəndə işə düşür. Adam olmayanda dayanır. Hər cür açıqlama verilə bilər. Sadəcə, hər gün üzləşdiyimi yazıram. Əgər hər səhər adını çəkdiyim stansiyaya gəlsəniz nə qədər narazılığın mövcud olmasını görərsiniz.
Avtobusa minirsən kirin içindədir. Səhər geyindiyin ağ köynək qapqara olur, üstəlik iyrənmə azarına tutulursan. Sürücüdən soruşursan ki, “niyə axşamlar salonu təmizləmirsiz?”. Başlayır buna don geyindirməyə:
-Avtobusların salonunu təmizləyən əməkdaşın məvacibi azdır, o da acığından belə edir.
Heç dəxli var? Məvacibi azdır, gedib başqa işdə çalışsın, daha acığını sərnişinlərdən niyə çıxır? Buna nəzarət edən sahibkar isə sərnişinləri heç düşünmür. Bizim ölkədə sahibkarların fəaliyyətinə həmişə dövlət qayğısı göstərilir. Amma bu, sahibkarlara sui-istifadə hallarına yol verməsinə əsas vermir.
Futbol komandası uduzur. Məğlubiyyətin səbəbini soruşursan, buna don geyindirib deyir:
-Filan hücumçumuz təlim toplanışı zamanı zədə alıb. Filan müdafiəçimizin babası rəhmətə getdiyindən, oyunda iştirak etmədi.
Amma biri durub şəstlə demir ki, “oyuna zəif hazırlaşmışdıq, ona görə də uduzduq”. Başa düşürəm, bu sözü deyə bilməzsiniz, çünki sponsorlar belə açıqlamaya görə pul ayırmaz. Lakin heç olmasa donu da inandırıcı şəkildə geyindirin.
Jurnalisti döyüblər, həkim deyir:
-Müayinə etdik, qanaxma görmədik. Amma 1 saatdan sonra təzyiqi düşdü, əməliyyat edəndə baxdıq ki, dalağı və mədəaltı vəzisinin quyruğu partlayıb. Sən demə, sonradan dalağına qan yığılıb və birdən partlayıb.
Mənim tibbi savadım yoxdur. Ancaq savadım olmasa da, öz-özümə sual verirəm ki, UZİ, yaxud rentgen avadanlığında dalağa qanın toplanmasını əvvəlcədən görmək olmur ki?! Bəs, kor bağırsağın partlayacağını əvvəlcədən necə müəyyən edirlər? Bilirəm, qan nümunəsi götürürlər. Bəs, qanaxmaya dair əvvəlcədən hər hansı müayinə metodu yoxdur? Bundan əlavə, müşahidə etmək olmazdı ki, dalağın əvvəlki ölçüsü ilə döyüləndən sonrakı ölçüsü arasında fərq var? Necə olur ki, qara ciyərin neçə barmaq böyüməsini göstərən UZİ, dalağın ölçüsünün dəyişməsini, yaxud, əzilməsini göstərə bilmir? Həkim də bildirir ki, “müayinə zamanı heç nə görmədik”. Dondu da geyindirilir.
Amma donu da gərək yüz ölçüb, bir biçəsən. Bax, bu vacib məsələdir.