Türkiyə nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb
“Qafqazinfo” xəbər verir ki, “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində baş tutan görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev nümayəndə heyətini salamlayıb.
E. Vəliyev qonaqların diqqətinə çatdırıb ki, Gəncə şəhəri Türkiyənin Eskişehir və İzmir şəhərləri ilə qardaşlaşıb.
Sözügedən şəhərlərin valilərinin aprel ayının sonunda Gəncədə “Gəncə -2016 Avropanın Gənclər Paytaxtı” ilə bağlı bayram tədbirlərində iştirakı gözlənilir.

Afyonkarahisar bələdiyyə rəhbəri Burhanəttin Çoban qonaqpərvərliyə görə icra başçısına təşəkkürünü bildirib.
Bildirib ki, Gəncə Dövlət Universiteti, Afyonkarahisar Valiliyi və Afyonkarahisar Bələdiyyəsi Başkanlığının birgə təşkilatçılığı ilə "Mövlanədən barış və sevgi damlaları" adlı layihə çərçivəsində Gəncəyə səfər ediblər.
Afyonkarahisar Vali köməkçisi Ahmet Ali Barış isə bildirib ki, qrup üzvlərinin hamısı ilk dəfədir ki, Azərbaycana - Gəncə şəhərinə səfər edirlər.
Ahmet Ali Barış bildirib ki, Gəncə Dövlət Universitetidən 20-yə yaxın tələbə Afyonkarahisar, Konya, Ankara və İstanbulda olublar. İndiyə qədər Türkiyə Respublikasına səfər etməmiş bu tələbələr səfərdən məmnun qayıdıblar. Bu qəbildən olan layihələr bundan sonra da davam etdiriləcək.
Tədbirin sonunda xatirə hədiyyələri təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər