Əslində “cin” hardadır?..

eslinde-cin-hardadir
Oxunma sayı: 2125


Hər ölkənin televiziya kanalları oranın camaatı üçün işləyir. Bizim telekanallar isə yalnız peyk antenası olmayan tamaşaçıya işləyir. Bu nə şişirtmə, nə də qondarma qiymətdir. Bu üzü üzümüzə ağ olan çılpaq faktdır. Görəsən, nə qədərimiz hər milli kanalları “gəzəndə” əlindəki pultu yerə çırpır, ya da dilinin altında bir xeyli donquldanır? Elə hamısı. Çoxu bəzi halda çarəsizlikdən izləyici olmağa məhkum olur. Bəlkə televiziya məkanında çevriliş etməyin tam zamanıdır? Standarta sığmayan telekalları bir az “xlorlamaq”, bir az “tozunu almaq” vaxtıdır? O dinmir, bu dinmir, bəs bir dillənən olmayacaqmı? Başımız nə vaxta qədər yerli, şit və səviyyəsiz serialla(dadsız, süni oyunlu milli seriallar) qarışdırılacaq. Xəbərlər qəndqabından sokolad seçilən kimi seçilib(xəbərçilik missiyasına xəyanət) efirə veriləcək? Bəs bizim beli qırılmış telejurnalistika nə vaxt gibsə qoyulacaq? Deyirlər, elə belə də davam edəcək. Hər işdə özbaşnalıq, pərakəndəlik olar, amma bu sahə elə bir yerdir ki, burada hər dəqiqə tamaşaçı itirir, məğlubiyyət var. Söhbət bizim teleməkandan gedir. Televiziyanın digər kütləvi informasiya vasitələri içərisində daha qüvvətli və təsiredici olmasını bilirik, elə bu missiya bu gün öz işini görür. Nə əkirsə, onu da biçir. Bu biçimdən də xüsusi həzz alır. Həyatımız şit seriallara dönüb, abır-həya, səmimilik yox olub, kriminal nə çeşiddən desən hökm sürür, təhsil bir yanda, səhiyyə bir yanda can verir. Agız deyəni qulaq eşitmir. Alim “əməkdar” kostyumu köhnəldiyindən sözünü keçirə bilmir, cibini pul eşən ağıl verir, abır-həyasız orden, mükafat alır, ağıllı danışan, yol göstərən gic yerinə qoyulur.... Və hər sey öz boşqabında deyil. Niyə? Çünki bizim təbliğat vasitəmiz olan telekanllar öz işini görə bilmir. Əsəb dərmanını satmaq(reklam olunan) üçün camaatın ürəyini xarab edən, kiminsə bədbəxtliyini barmağına dolayan verilişlər meydanda olduqca bu belə də olacaq. Camaatın gözündən yaş çıxarmaq üçün özünü həlak edən belə verilişlər üçün reklamçılar sıraya durduğu müddətcə belə də olacaq. Bəs hanı 2002-ci ildən yaranan və “əli cibində gəzən” Milli Teleradio Şurası? Efirdəki tərbiyəsizlikdən bir neçə gün sonra xəbər tutan bu Şuradamı peyk antenası ilə əcnəbi kanallara baxır? Barı baxandan sonra dönüb bizimkilərlə müqayisə edirmi? Heç onu eşidən olurmu? Məncə sözünü keçirmək üçün ya qorxu, ya babat cəza, ya da hörmət olmalıdır. Bunun heç biri olmayanda isə, deməli Şura işləmir. İndi yenə bu sözlərə görə başlayacaqlar məni söyməyə, daşlamağa. Buna da razıyam, dözərəm. Çünki dünya yaranandan düz söz heç kimə bal kimi gəlməyib, çörəyinə çəkib ləzzətlə yesin. Qoy onda deyim. Milli Teleradio Şurası, siz işləmirsiz? Demirəm ki, işləyə bilmirsiz? Bəlkə də buni əla bilirsiz , sadəcə işləmirsiz?

Məlum “cinçıxarma” səhnəsinin birincisi az əvvəl Space-də nümayiş olunanda Milli Teleradio Şurası dinmədi. Niyə? Bəli, sakit qaldısa, deməli növbəti şounu gözləməyə dəyərdi. İndi “ciddiyyətini” nümayiş etdirməyə can atan Şura məsələyə baxmaq istəyir. Yəni, toydan sonra nağara. O nağara ki, onun kiməsə faydası yoxdur. Sizin məsələsinə baxacağınız cin nə Space-də, nə ANS-də, nə də bir başqa kanaldadır. “Cin” elə sizin Şuranın içindədir. O cini oradan çıxarmaq üçün işləmək lazımdır. Telekanlları tərbiyə edib, verilişlərinin çoxunu bağlamaq, yaradıcı insanların qarşısındakı sədd götürülməlidir. Qohum, tanışın toplaşdığı telekanalların işinə müdaxilə etmək zamanıdır.

Azərbaycan dünyada yek ölkədir ki, burada yaradıcılıq da qohum-əqraba, qiymətli kağız hesabına məhbusa çevrilib. Televiziya biliciləri, mütəxəsislər, bu sənət sahəsini öyrənmişlər kənarda qalıblar. Bu problemlər həllini tapsa, nə həmin o “cinlər” efirə ayaq basa biləcək, nə də kim ağzına gələni rahatca danışacaq. Bu qurumun da yaradılmasında elə məqsəd bu deyildimi? İctimaiyyətin maraqlarını qorumaq budurmu?

İşləmək lazımdı, işləmək, hörmətli Şura.

P.S. İşləməyə başlasaz əvvəlcə telekanlların proqramlaşdırma siyasətini gözdən keçirin. Bu tövsiyəni verməyə haqqım var. Ən azı ali təhsilli telejurnalistəm. Baxın, lap misal da çəkim. Bir gün əvvəl bazar günü axşamı gecə saat 12-dən sonra milli telekanallarda elmi-kütləvi, maarifləndirmə verilişləri gedirdi. Deyən gərək, həmin saatda publika şirin yuxuda olmalıdı, yoxsa gözünü ovuşdura-ovuşdura dumanlı başla tv-yə baxmalıdı? Bu sadəcə bir nümunə idi.