Əsmər Əliyeva təbliğat kampaniyasına belə başladı - Fotolar

esmer-eliyeva-tebligat-kampaniyasina-bele-basladi
Oxunma sayı: 8732

Şirvandan deputatlığa namizəd Əsmər Əliyeva təbliğat və təşviqat kampaniyasına Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etməklə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 46 saylı Şirvan şəhər dairə seçki komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınmış Əsmər Əliyevanın sözlərinə görə, onu millət vəkili olmağa həvəsləndirən Prezident İlham Əliyevin  son kadr və siyasi islahatları, eyni zamanda, gənclərin dövlət idarəçiliyində önə çəkilməsi olub:

“Mən dövlətimiz, xalqımız, şirvanlılar adına layiqli millət vəkili olacağıma hər kəsi əmin edirəm”.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən Əsmər Əliyeva vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Azad Səttarovun ailəsinə baş çəkib. Şəhid ailəsinə baş sağlığı verərək bildirib ki, ölkə rəhbərliyinin şəhid ailələrinə, Qarabağ əlillərinə və bu kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğı gənclər üçün bir nümunədir:

“Biz bu yolla gedərək cənab Prezidentimiz İlham Əliyevə və birinci vitse- prezidentimiz Mehriban Əliyevaya dəstək olacağıq”. Şəhid anası da öz növbəsində Əsmər Əliyevaya xeyir-dua verib.

Deputatlığa namizəd Əsmər Əliyevanı daha yaxından tanımaq üçün onun qısa bioqrafiyasına nəzər salaq:

Ə. Əliyeva 1985-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhər N.İsmayılov adına 80 nömrəli orta məktəbi fərqlənmə attestatı və fəxri fərmanla bitirib.

2000-ci ildə  Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 2004-cü ildə oranı  bakalavr, 2006-cı ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2006-cı ilin sentyabrından Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim vəzifəsində çalışmağa başlayıb. 2012-ci ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildən Mülki proses və kommersiya hüququ kafedrasının dosentidir. Hüququn bir neşə sahəsi üzrə bakalavr və magistratura pilləsində Azərbaycan  və  ingilis dillərində mühazirələr oxuyur. Bundan başqa, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində fəaliyyət göstərən  birdəfəlik Dissertasiya Şuralarında üzv kimi fəaliyyət göstərir.

2014-cü ildən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının yarımştat müəllimidir, hakimliyə namizədlərə, ədliyyə qulluqçularına, bələdiyyə sədrlərinə və digərlərinə təlimlər keçir.

Həmçinin, İqtisad Universitetinin, SABAH“ qruplarına ingilis dilində  mühazirələr oxuyur. Konstitusiya Məhkəməsinin Plenumlarında  maliyyə, bank və mülki prosessual qanunvericilik sahələrində baxılan işlərdə ekspert qismində çıxış edir.

2 dərs vəsaitinin, 1 monoqrafiyanın, 3 tədris proqramının, 2 qəzet məqaləsinin və 2-si xaricdə olmaqla 20-dən çox  elmi məqalənin müəllifidir.

 BDU-nun Rektorunun əmri ilə 2017-ci ildə Bakı Dövlət Universitetinin ictimai həyatında fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə yanaşdığına görə “Fəxri Fərman”la təltif edilib.

Təhsil Nazirinin 28 dekabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi Azərbaycan Respublikası yubiley medalı“  ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.