Ət kəsimi məntəqəsi bağlandı, rəhbərliyi cərimələndi

et-kesimi-menteqesi-baglandi-rehberliyi-cerimelendi
Oxunma sayı: 1342

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Xudu Məmmədov küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Qafarov Rasim Hüseyn oğlu və Səfərov Yasin Yaşar oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı aşkar olunub.

Eyni zamanda, müəssisədə baytarlıq nəzarətindən keçirilməyən xırdabuynuzlu heyvanların kəsiminin həyata keçirildiyi, iribuynuzlu heyvan ətlərinin müşayiətedici baytarlıq sənədlərinin mövcud olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və sanitar geyimlə təmin edilmədiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.