Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəlib.
"Qafqazinfo" idmanxeber.com-a istinadən xəbər verir ki, matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov əvəzlənməsinə münasibət bildirib:
"Heç bir problemim yox idi. Məşqçilərin fikri idi. Bildiyiniz kimi, qarşıdan millinin oyunu gəlir. Bizim oyun qrafikimiz də sıx olduğu üçün məşqçilər sonadək oynamamağımı istəmədilər".
Kapitan ötən turda “İnter”lə matçdan sonra azarkeşlərlə arasında yaranan problemdən də danışıb:
"Bilirsiz, “Qarabağ”da istər rəhbərlik, istər azarkeşlər, istərsə də futbolçular hamımız bir ailəyik. Komandamızda həmişə mehribanlıq olub. Aramızda belə bir münasibət olduğu üçün oyundan sonra azarkeşlərə yaxınlaşdım. İlk olaraq “İmarət” azarkeş qrupuna yaxınlaşdım. Aramızda qısa dialoq oldu. Sonra tunelə girdiyimiz zaman bir azarkeş sərt şəkildə etirazını bildirdi. Mən də sadəcə ona dedim ki, belə şəkildə tənqid etmək lazım deyil. Çünki elə də ciddi bir səbəb yoxdur onun bu şəkildə etirazı üçün. Futboldur da bir gün udarsan, bir gün uduzarsan. Həmin azarkeşlə də oyundan sonra mehribanca danışdıq. “Qarabağ” bir ailədir. Bəzən ailənin içində də söz-söhbətlər olur".
Son xəbərlər
Son Xəbərlər