Etirazçılar İraqdakı neft terminallarını bağladılar

etirazcilar-iraqdaki-neft-terminallarini-bagladilar
Oxunma sayı: 813

İraqda etirazçılar ölkənin neft ixracatını təhdid edən bir neçə neft terminalı və ölkənin neft şirkətlərinin işini pozmağa çalışırlar. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Nümayişçilər, xüsusilə İraqın cənubundakı Umm-Qəsr limanına girişi əngəlliyiblər. 

Ez Zubayr şəhərindəki neft sənayesinin rəsmisinə görə, hazırda Umm- Qəsr limanı fəaliyyət göstərmir. Bəsrə dəniz ticarətinin yeganə yolu olaraq qalır.

O, etirazçıların hətta işçilərin Umm- Qəsrə getməsinə icazə vermədiyini qeyd edib.

Bildirilir ki, nümayişçilər həmçinin bazar ertəsindən etibarən Ez-Zubayr bölgəsindəki neft sahəsinə gedən yolları bağlayıblar.

Xatırladaq ki, 25 oktyabrda İraqda hökumət əleyhinə nümayişlərin ikinci dalğası başlayıb. Hökumətin siyasətindən narazı qalan İraq sakinləri Bağdad, eləcə də Əd-Diva və Nasiriya şəhərlərində küçələrə axışıb. Onlar geniş yayılmış korrupsiya, iş qıtlığı və dövlət təhlükəsizliyinin zəifliyinə qarşı çıxırlar.

Əvvəlcə oktyabrın 1-də narazılığını bildirən etirazçılar öncə hakimiyyətdən gənclərin işsizliyinə və korrupsiyaya diqqət yetirməsini tələb ediblər, sonra mövcud siyasi sistemin dəyişdirilməsi tələblərini səsləndirməyə başlayıblar.

İraqın Baş Naziri Adil Əbdül- Mehdi hökumətdə dəyişikliklər ediləcəyini və sosial sahədə islahatlar aparacağını vəd etsə də, nümayişçilər bununla kifayətlənməyiblər. İndi onlar Baş Nazirin özü də daxil olmaqla bütün siyasi rəhbərliyin istefasının tərəfdarıdırlar.

Nümayişlərin oktyabrın 1-dən başlamasından bəri İraqda ən azı 320 nəfər ölüb, minlərlə insan yaralanıb.